Bu gün keçirilən Çin Qran Prisinin təsnifat mərhələsinin qalibi Mercedes komandasın britaniyalı pilotu Lyuis Həmilton olmuşdur. Britaniyalı pilot, Ferrari komandasının alman pilotu Sebastyan Fetteli və komanda yoldaşı fin Valteri Bottası üstələmişdir.

Qeyd etmək lazımdır ki, bu həftəsonu Şanxayda keçirilən Çin Qran Prisi maraqlı başlanğıcı ilə yadda qalmışdır.

Beşinci gün yağışın yağması və duman səbəbi ilə tibbi helikopterin qalxmaması səbəbindən cümə günki sərbəst yürüşlər təxirə salınmışdı. Bununla belə, şənbə günü baş tutmuş sərbəst yürüşlər günəşli hava şəraitində keçirilmişdir. Üçüncü sessiya Scuderia Ferrari pilotlarının üstünlüyü ilə keçmişdir ki, bu da sıralama turlarında bizi maraqlı mübarizə gözlədiyindən xəbər verirdi.Pirelli şirkəti Çinə SuperSoft, Soft və Medium şinlərini gətirsə də, pilotlar əsasən SuperSoft şinləri ilə işləməyə üstünlük vermişdirlər.

Sıralama turlarının birinci hissəsində Ferrari pilotları ilk cəhdlərində Soft təkərləri ilə trekə çıxsalar da, digər pilotlar daha yumşaq tərkibi istifadə etmək qərarını qəbul etmişdirlər. İlk hissədə Qrojan yoldan çıxsa da, avtomobilinə zərər gəlməsinə yol verməmişdir.

İlk hissədə problemlərlə üzləşən pilotlardan biri də Maks Ferstappen olmuşdur. Hollandiyalı pilot mühərrikin proqram təminatındakı nasazlıqlar ucbatında ilk hissədə sıralamanı tərk etməli olmuşdur. İlk hissənin bitməsindən bir neçə saniyə sonra, yeyin dövrədə olan Antonio Covinazzi qəza törədərək avtomobili darmadağın etmişdir. Covinazzinin qəzası sarı bayraqların meydana gəlməsinə səbəb olmuş, eyni zamanda, Qrojan və Palmerin zamanlarına təsir göstərmişdir. Beləliklə, ilk hissədə sırlamanı tərk edən pilotlar Vandorn, Qrojan, Palmer, Ferstappen və Okon olmuşdur.

İkinci hissənin başlanması 10 dəqiqə gecikdirilmişdir ki, bu gecikmə də qəza nəticəsində dağıdılmış səddlərin bərpasına sərf edilmişdir. İkinci sessiyaya pilotlar SuperSoft təkərləri ilə başlamışdırlar. Protokola Fettel başçılıq etmiş, Həmilton isə ikinci olmuşdur. Bununla belə, Mercedes pilotları və Rikkardo ikinci cəhd etməkdən imtina etmişdirlər. Öz növbəsində Rəykkonen trekin rekorduna imza atmışdır - 1.32,181. Sıralamanı tərk edən pilotlar Sayns, Maqnussen, Eriksson, Alonso və Covinazzi oldu. Lens Stroll isə, ilk dəfə olaraq final hissəyə adlayaraq karyerasında bir ilkə imza atmışdır.

Sonuncu hissədə Peres və Stroll ilk cəhddən imtina etsələr də, digər pilotlar trekə yollandılar. Həmilton ilk cəhdində 1.31,902 zamanı göstərərək protokola başçılıq etdi. Fettel ilk cəhdində Mercedes pilotundan 0,2 saniyədən bir az geridə qaldı. Hülkenberq ikinci cəhddən imtina etsə də, qalan pilotlar son cəhdlərinə yollandılar. Həmilton göstərdiyi zamanı yaxşılaşdıraraq trekin rekorduna imza atmış oldu. Fettel liderə 0,186, Bottas isə 0,187 saniyə uduzmuş oldu.

Beləliklə, Həmilton karyerasındakı 63-cü poulunu qazanmış oldu. Sabah o Fettelə birlikdə ilk sıradan yarışa başlayacaqdır. İki pilotu onların komanda yoldaşları təqib edəcək. Çin Qran Prisinin ilk iki sırası Avstraliya QP-ni xatırladır. İstənilən halda, bizi sabah gərgin mübarizə ilə bol olacaq bir Qran Pri gözləyir.

Yarışı sabah İdman Azərbaycan kanalında saat 9:45 başlayaraq canlı olaraq izləyə bilərsiniz.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt