İri ölçülü Volkswagen Teramont krossoveri iki ölkədə - ABŞ və Çində istehsal olunur. Eyni zamanda, Amerika və Çin avtomobilləri özünəməxsus xüsusiyyətlərə (əsasən - texniki) malikdirlər. İndi isə onların aralarındakı fərq daha da artıb! Amerikan Atlas/Teramont modeli cüzi olsa da bir il əvvəl yenilənib. İndi isə növbə Çində satılan Teramont modelinə gəlib çatıb. Bu dəfə mühəndislər daha ciddi yeniliklər ediblər.
Volkswagen Teramont
Zahiri cəhətdən belə Çin krossoveri fərqli görünür. Teramont modelinin fənərlərinin ikimərtəbəli dizaynını qorumasına baxmayaraq, yenə də krossover dəyişdirilmiş ön tərəfə malik olub. Xatırladaq ki, amerikan Atlas modeli daha nazik işıq texnikasını əldə edib. Bundan başqa, krossoverin bahalı versiyalarında işıqlanan emblem və radiator barmaqlığının mərkəzi zolağı tətbiq edilir. Arxa fənərlər isə, artıq iri qırmızı zolaq ilə birləşdiriliblər: belə həll yolu indi Asiyanın avtomobil sənayesində son dərəcə populyardır. Yenilənmiş krossoverin təchizatına 17 - 21 düymlük təkər diskləri daxildir.
Volkswagen Teramont
Eyni zamanda, kupeşəkilli Volkswagen Teramont X krossoverinin də yenilənmiş versiyası göstərilib. Belə krossover donorundan bir qədər sonra - 2019-cu ilin yazında debüt etmişdi, ona görə də, onun görünüşü demək olar ki, dəyişməyib. Ancaq Çində satılacaq Teramont X modeli daha aqressiv dizaynlı bamperi olan R-Line versiyasına sahib olacaqdır.
Volkswagen Teramont X
Bundan başqa, Səma İmperiyasında buraxılan Teramont və Teramont X modelləri “səkkizinci” Golf erasının müasir Volkswagen modelləri ilə eyni tərzdə hazırlanmış tamamilə yeni interyeri əldə ediblər. Media sisteminin ekranı böyüyüb və indi ön paneldən ayrı quraşdırılır, havalandırma sisteminin mərkəzi deflektorları isə üfüqi (şaqulinin əvəzinə) formaya malik olublar. Yan tərəfdəki deflektorlar hava axınını müxtəlif istiqamətlərdə tənzimləməyə imkan verən ikisəviyyəli quruluşa malikdirlər.
Volkswagen Teramont X
Salonda ötürmələr qutusunun kiçik coystiki və klimat-kontrolun sensorlu idarəetmə zolağı peyda olub - qalan parametrlər multimedia sisteminin menyusu vasitəsilə tənzimlənirlər. Sükan üzərindəki düymələr, xarici işıqların idarəetmə paneli (sükan sütununun solunda) və hətta klimat-kontrolun ikinci cərgədəki idarəetmə bloku sensorlu olub. İnteryerin tərtibatı da daha zəngin olub: ön paneldə və qapı tutacaqlarında yumşaq elementlər quraşdırılıb, otuz rəngli kontur işıqlandırması isə, opsional avadanlıq siyahısına daxil edilib.
Bir sözlə, Çində buraxılan Teramont modeli artıq Amerikadakı Atlas modelindən daha bahalı “görünməlidir”. Ancaq modernləşdirmə texniki hissəyə təsir göstərməyib. Krossoverin baza versiyasında 186 at qüvvəli 2.0 TSI turbomühərriki və ön ötürmə, “orta” versiyasında - 220 at qüvvəli eyni mühərrik və ön ötürmə, vvə nəhayət, modifikasiya çeşidinin zirvəsində duran tamötürməli krossoverdə 299 at qüvvəli 2.5 VR6 turbomühərriki quraşdırılır. Bütün variantlar iki muftalı yeddi pilləli DSG “robotu” ilə təchiz olunurlar.
Yenilənmiş Teramont modellərinin SAIC Volkswagen ortaq müəssisəsindəki istehsalına artıq başlanılıb və onların yay aylarında satışa çıxarılacağı gözlənilir.