Dongfeng şirkəti eπ 007 liftbəkinə sifarişləri qəbul etdiyini açıqlayıb. Yeni model keçən il yaradılmış eπ (Yipai) brendi altında satılacaq. Liftbəkin carçısı 2018-ci ildə nümayiş etdirilmiş Dongfeng eπ konsepti olub. Modelin adındakı "e" elektrik ötürməsinə, "π" isə, "gələcəyin sonsuz imkanlarına" işarə edir. Liftbək dörd versiyada təklif ediləcək: üç elektrik və bir hibrid. Modelinin qiyməti 159 min yuandan (38 min manat) başlayır.
Liftbək Dongfeng eπ prototipindən maneələri aşkar etmək üçün ultrasəs sensorları və sıxılma əleyhinə funksiyası olan, yuxarı açılan çərçivəsiz qapıları götürüb. Oxşar həlldən artıq Xpeng P7 Wing modelində istifadə olunur. Baqaj qapağı servoötürməyə malikdir və ona aktiv spoyler quraşdırılıb. Yeni avtomobilin şassisi China Touring Car Championship çempionatının qalibi tərəfindən incə şəkildə sazlanıb, ona görə də o, sportkar kimi idarə olunmalıdır.
Liftbəkin aerodinamik müqavimət əmsalı 0,209-dur. Bu rəqəm rekord sayılmasa da, enerji istehlakının azaldılmasına öz töhfəsini verir: 100 kilometrə 11,9 kilovat-saat. Batareyanın ayırdığı izafi istilikdən yararlanan istilik nasosu (yalnız elektrik versiyalarında) da eyni məqsədə xidmət edir. Onun sayəsində qışda interyerin qızdırılmasına 60% az enerji sərf olunur, yürüş ehtiyatı isə 15% artır.
Liftbək V2L, V2V və V2G texnologiyalarını dəstəkləyir - yəni, xarici istehlakçılara enerji verə və onu əsas şəbəkəyə ötürə bilər. Litium-felez-fosfat batareyası deşilməkdən və qızmaqdan (1400 °C-ə qədər) qorunub və bulud əsaslı istilik tənzimləmə sistemi ilə təchiz edilir. Hətta yayda da temperatur kifayət qədər dar diapazonda - 25-35 dərəcə Selsi səviyyəsində saxlanılacaq ki, bu da Çinin ən isti yerində - keçən il havanın 52,2 dərəcəyə qədər isindiyi Sincan-Uyğur bölgəsinin Turpan şəhər vilayətində keçirilən sınaqlar zamanı təsdiqlənib.
Liftbəkin digər xüsusiyyətləri arasında 334 LED-dən ibarət dinamik xarici işıqlandırma, silikon kimi yumşaq dəri ilə daxili tərtibat və UV şüalarını 100% bloklayan 1,824 kvadratmetr sahəsi olan panoram dam daxildir. Modelin multimedia sistemi Qualcomm Snapdragon 8155 çipində işləyir və səslə idarəetməni dəstəkləyir. Əmrə reaksiya müddəti təqribən 300 millisaniyədir. Liftbək həmçinin həcmli Wanos Atmos səs sistemi və NOA avtopilotu ilə təchiz olunub.
Hibrid eπ 007 200 Pro modeli 1,5-litrlik benzin mühərriki və arxa oxdakı elektrik mühərriki (218 at qüvvəsi, 310 Nm) təchiz edilir. Bu, liftbəkin 1200 kilometrə qədər yürüş ehtiyatı olan ən uzunmənzilli versiyasıdır. 530 Pro və 620 Pro modifikasiyaları tamamilə elektrikdir, özü də ikinci versiya bir qədər güclüdür (218 at qüvvəsi, 310 Nm əvəzinə 272 at qüvvəsi və 320 Nm) və dolu batareya ilə daha uzun məsafə qət edir (530-a qarşı 620 kilometr). Çeşidin zirvəsində tamötürməli 540 Max qərarlaşıb. Onun güc qurğusu 544 at qüvvəsi və 640 Nm fırlanma anı hasil edir ki, bu da ona 100 km/saata 3,9 saniyəyə sürətlənməyə imkan verir.
Lakin dinamika ikimühərrikli liftbəkin təəccübləndirə biləcək yeganə cəhəti deyil. Yalnız onun dönən cihazlar paneli, qapı zonasındakı maraqlı işıq proyeksiyası, salonun aromatizasiya sistemi, masajı və sürücü oturacağındakı dörd səviyyəli bel dəstəyi var. Qırmızı rəngli əyləc supportları və salonun standart Moon Shadow White rəng sxemi elektromobilin vizual olaraq fərqlənməsinə kömək edir. Belə sxemi əlavə ödəniş qarşılığında digər modfikasiyalar üçün də sifariş etmək olar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.