"Qlobal" Kia Sportage krossoveri nəsil dəyişikliyi prossesində olduğu halda (krossoverin beşinci nəsli yalnız Cənubi Koreyada debüt edib), onun Çində satılan adaşı plan üzrə yeniləmədən keçib. Xatırladaq ki, bizim Sportage kimi tanıdığımız model Çində Kia KX5 adı ilə satılır, Sportage adı isə, 2018-ci ildən bəri “qlobal” krossoverin üçüncü nəslinin platformasında inşa edilmiş daha sadə və daha ucuz avtomobilə verilib. Yenilənmiş krossover Kia Sportage Ace adlanır və onun əldə etdiyi təkmilləşdirmələrin sayı kifayət qədər çoxdur.
Kuzovun ön hissəsi tamamilə yenidir, buna görə də avtomobilin ümumi uzunluğu 4460-dan 4530 millimetrə qədər artıb. Ön fənərlər dörd hissəli diod projektorlarına sahibdilər və vizual olaraq geniş radiator barmaqlığı ilə birləşdiriliblər. Arxa tərəfdə də ciddi dəyişikliklər var: üfüqi fənərləri şaquli variantlar əvəzləyib, nömrə nişanı meydançası isə arxa bamperdən beşinci qapıya köçürülüb.
İnteryer də ciddi dəyişikliklər var: mediasistemin 8,0-düymlük ekranının əvəzinə 10,25-düymlük geniş formatlı sensorlu displey quraşdırılıb. Buna görə də, onun çərçivəsi artıq cihazlar panelinin günlüyündən yuxarıda yerləşmir. Multimedia sistemi isə genişləndirilmiş funksionallığı və səslə idarəetməsi olan yeni Baidu əməliyyat sistemini alıb.
Cihazlar paneli əvvəlki kimi yeddi düymlük rəngli ekrana malikdir və tamamilə rəqəmsallaşıb. Klimat-kontrolun idarəetmə paneli də sensorludur, mərkəzi tunel də dəyişdirilib. Opsiyalar siyahısına əvvəl olduğu kimi, qızdırılan oturacaqlar, panoram dam, avtoparklayıcı, avtomatik əyləcləmə sistemi və zolağa nəzarət funksiyası daxildir. Bununla belə, baqaj yenə də pərdədən məhrumdur.
Baza mühərriki dəyişməyib. Bu, 161 at qüvvəli 2,0-litrlik atmosfer mühərrikidir. İstehsalçı mexaniki ötürmələr qutusundan imtina edib və indi baza mühərriki yalnız altı pilləli "avtomat" ilə təklif olunur. Bu modelin turbo versiyasının konsepsiyası yenidən işlənib - əvvəllər belə modfikasiya 140 at qüvvəli 1.4 T-GDI mühərriki ilə təchiz edilirdi və "qənaətcil" versiya kimi mövqeləndirilirdi.
İndi isə, yeni 200 at qüvvəli 1.5 T-GDI mühərriki və yeddi pilləli "robot" ilə təchiz edilmiş versiya GT-Line adlanır və “qaynar” modifikasiya sayılır. “Qaynar” krossover fərqli radiator barmaqlığına, daha aqressiv ön bamperə və seçilən dekora malikdir. Ötürmə - əvvəlki kimi, yalnız ön oxadır. GT-Line versiyasının maksimal sürəti 200, atmosfer versiyanın isə 186 km/saatdır.
Bununla belə, şirkət krossoverin digər dinamik xüsusiyyətlərini açıqlamayıb.
Kia Sportage Ace krossoverinin istehsalı Dongfeng Yueda Kia müştərək müəssisəsinə həvalə edilib. Yenilənmiş krossoverlər artıq 21.600 dollardan başlayan qiymətlər ilə daxili bazarda satışa çıxarılıb. Beləliklə, yenilənmiş model əvvəlkindən 3.100 dollar bahadır. Müqayisə üçün, Çin bazarında "böyük" Kia KX5 krossoveri("qlobal" Sportage modelinin yola saldığımız versiyası) 25.000 dollardan başlayan qiymətlərlə təkli olunur. Yerli Kia Sportage Ace modeli Çindən kənarda satılmayacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.