Orta ölçülü Zeekr 007 sedanı bir il bundan əvvəl debüt edib və premium Çin markasının dördüncü modeli olub. O, təkcə çoxsaylı yerli həmsinifləri ilə deyil, həm də məşhur Tesla Model 3 sedanı ilə rəqabət aparır. İndi isə, bu işdə ona yardım edəcək shooting brake kuzovlu Zeekr 007 GT modeli təqdim olunub.
Universalın sedandan əsas fərqi, əlbəttə ki, maili şüşəsi olan yeni arxa hissədir. Ancaq tam şəkildə beşinci qapıda yerləşən arxa monofənər öz yerini qoruyub. Digər fərqlər arasında başqa bamperlər (ön hissədə əlavə qara bölmələr peyda olub), kapot isə, uzununa əlavə çıxıntıları əldə edib. Damda baqaj reylinqləri quraşdırılıb.
Zeekr 007 GT
Hələlik universalın ümumi ölçüləri açıqlanmayıb, xatırladaq ki, baza sedanı uzunluğu 4865, eni – 1900, hündürlüyü isə, 1450 millimetrdir. Təkər bazasının ölçüsü 2928 millimetrdir. İnteryer təsvirləri yoxdur, lakin onun böyük ehtimalla sedanla eyni tərtibata malik olacağını söyləmək gərəkdir.
Çox güman ki, Zeekr 007 GT universalının texniki hissəsi Zeekr 007 sedanı ilə eyni olacaq. Sedan 800-voltluq elektrik sistemi, öndə ikiqollu, arxada isə, çoxqollu asqısı olan PMA2+ (SEA arxitekturasının modernləşdirilmiş versiyası) arxitekturasında inşa edilib.
Zeekr 007
Bundan başqa, onun təchizatına üç lidarlı qabaqcıl avtopilotu da var. Zeekr 007 baza sedanı 422 at qüvvəsi və 440 Nm hasil edən yeganə elektrik mühərrikinə və arxa ötürməyə malikdir. Tamötürməli sedanın ikimühərrikli güc qurğusu 646 at qüvvəsi və 710 Nm hasil edir.
Hər iki versiya CATL şirkətinin 75 və ya 100 kilovat/saat tutumlu dartma batareyaları ilə təklif olunur.
Böyük tutumlu batareyası olan təkmühərrikli sedanın maksimal yürüş ehtiyatı 870, ikimühərrikli sedanın isə, 770 kilometrdir.
Zeekr 007 GT şutinq-breykinin Çindəki bazar debütü cari ilin ikinci rübünə planlaşdırılır. Qiymətlər satışların başlanmasına yaxın açıqlanacaq. Zeekr 007 sedanının qiyməti 210-300.000 yuan (29-41.000 dollar) arasındadır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.