Çində ən populyar elektromobillərdən biri olan Wuling Hongguang Mini EV modeli açıq kuzovlu versiyaya sahib olub. Rodsterin carçısı olan konsept keçən il nümayiş etdirilsə də, Wuling Hongguang Mini EV Cabrio seriya modeli yalnız indi debüt edib. Kabriolet SAIC-GM-Wuling müştərək müəssisəsi tərəfindən istehsal ediləcək, lakin onun alıcılara neçəyə başa gələcəyi hələlik açıqlanmayıb
Xatırladaq ki, adi dördyerlik Hongguang Mini EV elektrokarının qiyməti 32,800-44,800 yuan (8,000 - 11,000 manat) arasındadır. Elektrokarın Game Boy adlı dəbli versiyası üçün isə, 55,800-69,800 yuan (13,770 - 17,230 manat) arasında ödəniş tələb olunur.
Çox güman ki, rodster çeşidin ən bahalı modeli olacaqdır. Eyni zamanda, Çin mediasına görə, kabriolet Game Boy versiyası kimi 30 kilovat (41 at qüvvəsi) gücü olan elektrik mühərrikini əldə edəcəkdir. Xatırladaq ki, adi elektrokar 20 kilovat gücündə mühərriklə təchiz olunur.
İki batareya əlçatandır: 17,3 və ya 26,5 kilovat-saatlıq. Buna görə də, enerji yükləmədən yürüş məsafəsi Çin CLTC dövrünə əsasən 200-300 kilometr arasında olacaqdır.
Yeri gəlmişkən, mikrorodsterin bazasında Avropada 19 999 avroya satılacaq FreZe Froggy EV Beachstar modeli hazırlanıb.
Hongguang Mini EV modeli o qədər məşhurdur ki, bir neçə xüsusi versiyada buraxılır. Game Boy və rodsterdən başqa, Wuling çeşidində Macaron variantı da var. O, zəngin avadanlığı və Pantone rəng İnstitutu ilə birgə yaradılmış kuzov boyalarının xüsusi palitrası ilə seçilir.
Eyni zamanda, Wuling elektromobilinin əsasında eksperimental 6-təkərli mini-pikap da hazırlanıb - lakin o, hələlik seriyaya getməyib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.