Sonuncu, beşinci nəsil qırıcılarının istehsal etməyə qadir olan dövlətlərin elit klubuna daxil olan ölkələrdən biri də Çindir. Bunun əyani sübutu beşinci nəsildən olan Chengdu J-20 qırıcısıdır. Bu qırıcı ilk dəfə dörd il bundan öncə Juhai şəhərində keçirilən “Airshow China-2016” aviasiya sərgisində nümayiş etdirilib. Ən maraqlısı odur ki, Çin növbəti on ildə aviasiya bazarının ən böyük oyunçusu olan Amerika Birləşmiş Ştatlarını üstələməyi planlaşdırır.

Bu maşının yaradılması üzərində Çinin Chengdu Aircraft Industry Corporation işləyib. J-20 qırıcısı ilk uçuşunu 2011-ci ildə həyata keçirib. Chengdu J-20 qırıcıları Çinin Hərbi Hava Qüvvələri tərəfindən 2017-ci ildə istismara qəbul edilib. Hazırda HHQ-nin sərəncamında 18 ədəd J-20 qırıcısının olduğu bildirilir.

Bu təyyarə ilə bağlı maraqlı hadisə də mövcuddur. J-20 qırıcısının ilk sınaq uçuşu ABŞ-ın müdafiə naziri Robert Geytsin Çinə səfəri ilə üst-üstə düşüb. Qeyd etmək lazımdır ki, bu sınaqlar Pentaqon tərəfindən amerikan nümayənədə heyətinə göndərilən xəbərdarlıq kimi qəbul edilib. Bunu dəqiqləşdirmək istəyən Robert Geytsin Çin rəhbərinə ünvanladığı müraciət sonuncunun  təəccübünə səbəb olub.

Xatırladaq ki, hazırda beşinci nəsil qırıcılarının seriya istehsalı yalnız ABŞ-da həyata keçirilir. Amerikalılar artıq F-22 Raptor və F-35 Lightning II qırıcılarını istismar edirlər. Eyni zamanda qeyd etmək gərəkdir ki, F-22 Raptor artıq istehsaldan çıxarılıbdır.

Hal-hazırda bu istiqamətdəki çalışmaları aparan dövlətlər arasında Rusiya, Çin və Yaponiya vardır. Hindistan, Cənubi Koreya və Türkiyə də beşinci nəsil qırıcının yaradılması sahəsində işlərə start verib. Məsələn, Türkiyənin TUSAŞ şirkəti 2023-cü ildə Milli Muharip Uçak (MMU) layihəsinə əsasən yaradılmış beşinci nəsil qırıcının ilk uçuşunu həyata keçirməyi planlaşdırır.

Rusiyanın üzərində işlədiyi yeni təyyarəyə PAK FA (perspektivli cəbhə aviasiya kompleksi) adlanır. Su-57 kimi tanınan təyyarənin yaradılması üzərində Suxoy Konstruktor Bürosunun mütəxəssisləri çalışır. Hazırda təyyarə sınaqdan keçirilir və onun kiçik həcmli istehsalına başlanıb. İlk təyyarələrin HHQ-nə çatdırılmasına bu il başlanmalıdır.

Çin də yeni maşınların yaradılması üzərində fəal işləyir. Son illərdə bu ölkə həqiqətən bu sahədə güclü sıçrayış edib. Əvvəllər bu ölkə əsasən xarici silahların surətini çıxarmaqla məşğul olurdusa, bu gün Çin özü ən yüksək səviyyəli texnika istehsal etmək iqtidarındadır.

Hazırda Çin aviasiya sənayesi tərəfindən yaradılmış iki beşinci nəsil qırıcısı haqqında məlumat vardır: bunlar 2019-cu ilin noyabr ayının 1-də nümayiş etdirilmiş Shenyang J-31 və Chengdu J-20 qırıcılarıdır.

Shenyang J-31 təyyarəsi də sınaq mərhələsindədir. Qırıcının ilk uçuşu 31 oktyabr 2012-ci il tarixində reallaşıb. Bu qırıcının istifadəyə verilməsi planları barədə hələlik məlumat yoxdur.

Yradılma tarixi

Beşinci nəsil qırıcısı üzərində işlərin başlaması ilə bağlı məlumatlar Çin mediasında 2002-ci ilin əvvəlində ortaya çıxıb. Çin Hərbi Hava Qüvvələrinin rəsmiləri bu məlumatı 2009-cu ildə təsdiqləyiblər. 2010-ci ilin əvvəlində bir neçə Çin nəşri ilk iki təyyarənin planerinin hazır olduğu barədə xəbəri yayıblər.

Yeni qırıcı əvvəllər FC-1 və J-10 təyyarələrinin üzərində işləmiş Yanq Veyin rəhbərlik etdiyi konstruktorlar qrupu tərəfindən yaradılmışdır. Qeyd edək ki, Yanq Vey 19 yaşında ali təhsilini başa vurmağa müvəffəq olub, 35 yaşında isə aviasiya konstruktor bürosunun baş konstruktoru təyin edilib.

11 yanvar 2011-ci ildə, sonradan Chengdu J-20 adlandırılmış yeni təyyarə ilk dəfə səmaya qalxıb. 2012-ci ilin əvvəlində qırıcı 60 sınaq uçuşunu həyata keçirib. Elə həmin ilin yazında J-20 qırıcısının ikinci prototipi sınaqlara qoşulub.

Bu layihə çərçivəsində doqquz prototip (bir-birindən bir az fərqlidir) və iki seriyaöncəsi variant istehsal olunub. Yeni maşının sınaqları və tənzimlənməsi dörd ildən çox davam edib və 2017-ci ildə qırıcı Çinin Milli Müdafiə Ordusu tərəfindən istismara qəbul olunub.

Yeni Çin qırıcısının xüsusiyyətləri haqqında məlumat çox azdır, təyyarədəki avadanlıqların tərkibi və ya konstruksiyanın xüsusiyyətləri barədə demək olar ki heç nə məlum deyil. Çinlilər J-31 qırıcısı barədə məlumatla bölüşsələr də, əsas silahları olan J-20 haqqında danışmağı sevmirlər. Çox güman ki, J-20 modeli də F-22 Raptor kimi ixracat üçün nəzərdə tutulmayıb. J-31 modelinin isə əksinə,digər ölkələrə satılmaq ehtimalı vardır.

Lakin, bu qırıcı ilə bağlı maraqlı bir məqam var. Keçən əsrin 80-ci illərin sonunda SSRİ beşinci nəsil qırıcının yaradılmasına başlamışdı və yeni təyyarə üzərində çalışmalar Mikoyan adına TKB tərəfindən aparılırdı. Qırıcının prototipi MiG 1.44 adını almışdı. Təyyarə bir neçə dəfə səmaya qalxsa da, 2000-ci ildə bu layihə bağlanıldı. Bəzi mütəxəssislər Çinin J-20 layihəsinin reallaşdırılmamış sovet MiG 1.44 layihəsinə çox bənzədiyini iddia edirlər. Onlar istifadə edilən texnologiyaların və çertyojların bir hissəsinin Çinə verildiyinə əmindirlər.

Konstruksiyanın təsviri

Chengdu J-20 qırıcı təyyarəsi ön üfüqi dayağı (ÖÜD) olan “ördək” aerodinamik sxeminə əsasən yaradılmışdır. Təyyarə iki şaquli kilə malikdir. J-20 axınları olan üçbucaqlı qanadı və iri ölçüləri ilə seçilir: qırıcının uzunluğu 21-23 metrdir, onun qalxış çəkisi isə mütəxəssislər tərəfindən 35-40 ton olaraq qiymətləndirilir.

J-20 füzelyajının rəvan yan tərəfləri tamdönən şaquli stabilizatorları ilə eyni meyl bucağına malikdir və füzelyajın ön hissəsi beşinci nəsil “görünməz” qırıcılarına xas olan iti cizgilərə malikdir. Təyyarənin bir pilot tərəfindən idarə edilir, kabinənin fənəri pilotun görüşünü yaxşılaşdıran və təyyarənin ESS-ni azaldan bütöv sxemə uyğun olaraq hazırlanıb.

Məlum məsələdir ki, təyyarənin konstruksiyasında kompozit materiallardan və effektiv səpələnmə sahəsini (ESS) azaldan stels-texnologiyalardan da istifadə edilib.

J-20 bir-birinə yaxın yerləşdirilmiş iki mühərriklə təchiz edilmişdir. Qırıcının prototiplərində bu günə qədər Rusiyanın AL-31FN mühərriklərinin istifadə edildiyi barədə məlumatlar var, lakin gələcəkdə çinlər J-20 qırıcısına özlərinin yaratdıacaqları WS-15 mühərriklərini quraşdırmağı planlaşdırırlar.

Təyyarənin şassisi üç dayağa malikdir, ön dönən dayaq irəlidəki, əsas dayaqlar isə korpusdakı bölmələrə (F-22 kimi) yığışdırılır. Bu isə, amerikan qırıcılarında olduğu kimi silahlar üçün daxili bölmələrin olduğuna işarə edir.

J-20 təyyarəsində əvvəllər Qərb və Rusiya dördüncü və beşinci nəsil qırıcılarında tətbiq edilmiş bir sıra texniki yeniliklərdən istifadə edildiyii barədə məlumatlar vardır. Təyyarə, təkraralanan mexaniki və ya hidravlik sistemlər olmadan, elektron məsafədən idarəetmə sistemi (EMİS) ilə təchiz edilir.

Maşının bütün elektronikasının və göyərtəsində olan avadanlıqların vahid Ethernet şəbəkəsinə birləşdirilməsi planlaşdırılır. Bununla belə, qırıcının avionikası və elektron mübarizə sistemləri barədə məlumat mövcud deyil.

Yeni təyyarənin “görünməzlik” dərəcəsi tamamilə aydın olmasa da, beşinci nəsil qırıcılarının əsas xüsusiyyətlərindən olan aktiv mərhələli qəfəsi olan radarla təchiz edilib-edilmədiyi barədə də məlumat yoxdur.

Layihənin qiymətləndirilməsi

Chengdu J-20 qırıcısının konstruksiyası və xüsusiyyətləri haqqında tam məlumatın olmadığına baxmayaraq, təyyarənin ilk qiymətləndirilməsini etmək olar.

J-20 qırıcısına yaxından baxdıqda, bu təyyarənin mövcud və perspektivli beşinci nəsil təyyarələrin müxtəlif hissələrindən yığıldığı təəssüratı yaranır. Bunlara misal kimi, Rusiyanın MiG 1.44, ABŞ-ın F-22 və F-35 qırıcılarını göstərmək olar.

Chengdu J-20, Su-57 və F-22 Raptor (soldan sağa)

Təyyarənin aerodinamik dizaynı reallaşdırılmamış MiG 1.44 layihəsinin demək olar ki, tamamilə təkrarlanmasıdır - təyyarələrin ölçüləri çox oxşardır. Bununla birlikdə, əhəmiyyətli fərqlər də var. MiG təyyarəsi daha böyük qanad sahəsinə malik idi ki, bu da onun üzərinə düşən xüsusi yükü azaldır və sovet qırıcısının manevr qabiliyyətini artırırdı.

Çin qırıcısının ön hissəsi açıq şəkildə amerikan F-22 təyyarəsinə bənzəyir, hava girişlərinin forması isə digər amerikan qırıcısını - F-35 Lightninig II təyyarəsini xatırladır. Nəticədə, müxtəlif konstruktor məktəblərinə, maşınlara və nəsillərə aid texniki həllərdən hazırlanmış “uçan Frankensteyin” yaradılıb.

Dərhal qeyd etmək lazımdır ki, ön üfüri dayağa malik olan sxem “görünməz” təyyarələr üçün heç də yaxşı həll yolu deyil, füzelyajaltı “pipiklər” (MiG 1.44-də olduğu kimi) isə düşmən radarı üçün əsl hədiyyədir.

J-20 qırıcısının aerodinamikasına dair suallar da var. Təyyarənin ÖÜD yüksəkdə yerləşən qanaddan olduqca uzaq məsafədədir və çox güman ki bu, silah yerləşdirmək üçün bölmənin ölçüsünü artırmaq məqsədi ilə edilmişdir. Bu, maşının manevr imkanlarını bir qədər azalda bilər. Hava qəbuledicilərinin kifayət qədər böyük olmayan ölçüləri də mütəxəssislərdə sual doğurur. Onlar, bunun J-20 qırıcısına yüksək hündürlükdə əhəmiyyətli sürətə çatmağa imkan verməyəcəyini düşünürlər. Bununla belə, J-20 qırıcısının maksimal sürətinin 2.600 km/saat olduğu bildirilir.

Ancaq bu J-20 qırıcısının əsas problemi bu deyil. Çinlilərin layiqli səviyyədə aktiv mərhələli qəfəsə malik olan radarı yaratdıqları barədə məlumat yoxdur. Bir neçə il əvvəl Çin bu sahədə Rusiya ilə əməkdaşlıq etsə də, sonradan əlaqələr kəsilib. Təbii ki, Rusiyaya bu sahədə qazandığı uğurları çinlilər ilə bölüşmək sərf etmir. Bir daha qeyd etmək lazımdır ki, belə bir radarın quraşdırılması beşinci nəsil qırıcısının əsas xüsusiyyətlərindən biridir.

Yeni maşının mühərriki ilə bağlı da sualllar yaranır.Çinin seriya qırıcısına quraşdırılmağı planlaşdırdığı yeni nəsil WS-15 mühərrikini hazırladığı barədə də məlumat yoxdur. Bir neçə ildir ki, çinlər AL-31F mühərriki üçün çoxlu sayda turbin bıçaqları və diskləri, boruları və örtük diskləri alıblar. Bu təmir ehtiyacları üçün gərək olan miqdardan çoxdur. Çox güman ki, çinlilər bu elementlərin, eləcə də əvvəllər Rusiydan alınan mühərriklərin əsasında yeni mühərrik yaratmağa çalışırlar. Hazırda J-20 qırıcısı Rusiya istehsalı olan AL-31FN mühərriki ilə təchiz edilmişdir, lakin Rusiyanın Çinə daha güclü və müasir mühərrikləri satması ehtimalı praktik olaraq sıfıra bərabərdir.

Çin qırıcısının formasını, mühərriklərini və nisbətən kiçik qanadlarını təhlil edərək, qarşımızada hava üstünlük qazanmağa qadir olan təyyarənin durduğuna inanmaq çətindir. Təyyarə eyni zamanda manevr edilə bilən yüngül qırıcıdan fərqli olaraq yer hədəflərini vura bilər. J-20 qırıcısının güc imkanlarına görə, bütün mövcud beşinci nəsil qırıcılarından geridə qaldığı ehtimal olunur. Bununla yanaşı, amerikalı ekspertlər J-20 qırıcısının Rusiyanın Su-57 qırıcısından üstün olduğunu bildirirlər.

Çox güman ki, çinlilər J-20 qırıcısında yeni texnologiyaları sınamağa və onu ən yüksək səviyyəli maşınlara yaxınlaşmağa çalışırlar. Bu təyyarənin açıq-aşkar çatışmazlıqlarına baxmayaraq, Çinin doğru istiqamətdə böyük bir addım atdığını etiraf etmək lazımdır. Ölkə rəhbərliyi bu məqsədlər üçün böyük məbləğdə vəsait ayırmaqdan çəkinmir. Eyni zamanda, bir çox sahələrdə tədqiqatlar da davam etdirilir. Çin uzun müddətdir ki, ordusunun ehtiyacları üçün ağır yerüstü silahları almır. Çox güman ki, Çin öz HHQ-ni ən yüksək səviyyəli təyyarələr ilə təchiz edə biləcəkdir. İstənilən halda, Çinin aviasiya sənayesinin inkişaf tempi həqiqətən heyranedicidir.

Modifikasiya

J-20

Qanadın genişliyi, m

12.88

Uzunluğu, m

20.30

Hündürlüy, m

4.45

Qanad sahəsi, m2

78.00

Çəkisi, kq

 

Boş təyyarənin

19391

Normal qalxış

32092

Maksimal qalxış

36288

Mühərrik

2 ədəd WS-10G

Dartma qüvvəsi, kqs

2 х 14470

Maksimal sürət, km/saat

2600 (М=2.00)

Praktiki mənzili, km

5500

Praktiki tavan, m

20000

Heyət, nəfər

1