Çinin Xpeng Motors şirkəti üçüncü modelini - P5 elektrik sedanını təqdim edib. İstehsalçı onu "lidarı olan ilk kütləvi “ağıllı” avtomobil" adlandırır. Xpeng P5 modelindəki lazer məsafəölçəni, 360 dərəcə baxışı və üçüncü dərəcəlik avtonomluğu təmin edən və ümumilikdə 32 fərqli sensora əsaslanan XPilot 3.5 avtopilotunun işləməsi üçün tələb olunur.
Xpeng P5 sedanı ölçülərinə görə Tesla Model 3 modelini üstələyir, lakin iri P7 modelindən bir qədər geri qalır. Ancaq texniki cəhətdən avtomobil irəliyə doğru addım atıb. Məsələn, XPilot 3.5 avtopilotu yüksək icazəli 13 kameraya, 12 ultrasəs sensoruna, millimetrlik diapazonu olan beş radara və iki lidara əsaslanaraq avtomobili şəhər axınında, tıxaclarıda və dayanacaqlarda idarə edir.
Çinin Livox şirkəti tərəfindən hazırlanmış HAP lazer məsafəölçənləri ön bamperə inteqrasiya ediliblər. Onlar 120 dərəcəlik üfüqi görünüş sahəsinə sahibdirlər və 10 faizlik əksetdirmə qabiliyyətinə malik olan obyektləri 150 metrə qədər məsafədə "görürlər". Qabaqcıl kompleks piyadalar və yol konusları kimi statik maneələri tanıyır, üstəlik bunu aşağı və ya çatışmayan işıqlandırmada belə həyata keçirir.
Avtomatik rejimdə P5 modeli optimal zolağı seçərək lazım olduqda onu dəyişdirməyi, ötmələri həyata keçirməyi, avtomagistrala daxil olmağı və tərk etməyi bacarır. Eyni zamanda, Navigation Guided Pilot yardımçı sistemi trafik işıqlarını tanıyır və sürət həddinə uyğunlaşır, habelə bütün bu göstəriciləri yüklənmiş yüksək dəqiqlikli xəritələrdəki məlumatlarla üzləşdirir.
P5 modeli, eyni zamanda, 0.223 bərabər olan aerodimanik müqavimət əmsalı ilə öyünə bilər. Bununla birlikdə, bu baxımdan elektrokar Tesla Model S (0.208) və Mercedes-Benz EQS (0.202) modellərindən geri qalır. Multimedia Xmart OS 3.0 əməliyyat sisteminə əsaslanır və səslə idarəetməni dəstəkləyir.
Qeyd etmək gərəkdir ki, söhbət ayrı-ayrı komandalardan deyil, fasiləsiz dialoq aparmaqdan, bir anda iki nəfərin nitqini tanımaqdan və dronu məsafədən idarə etmək qabiliyyətindən gedir. P5 elektrokarının salonunu kinoteatra və ya yataq otağına çevrmək olar – bunu üçün sadəcə ön oturacaqların kürək hissələrini açmaq kifayətdir.
Xpeng P5 modelinin batareyası IP68 standartına uyğun olaraq toz və rütubətdən müdafiə olunub və köhnəlmiş NEDC rejimində 600 kilometrə qədər yürüyüşü təmin edir. Sürətli terminallarda 30 faizlik cərəyanı olan batareyanın 80 faizə qədər doldurulmasına 30 dəqiqə vaxt tələb olunur. Xpeng Motors şirkəti yaxın vaxtlarda avtomobil haqqında digər detalları açıqlayacaqdır.