Bu layihə barədə məlumat ilin əvvəlində peyda olub, bir qədər sonra isə, Niutron NV elektrik krossoveri kompüter təsvirləri şəklində nümayiş etdirilib. Bir neçə gün bundan öncə isə, onun Çində tamölçülü təqdimatı baş tutub: avtomobillərə sifarişlər artıq qəbul olunur, satışların başlanması isə dekabr ayına planlaşdırılıb.
Niutron şirkətinin əsasını zəngin təcrübəyə malik olan çinli iş adamı Li İnan qoyub. 2000-ci ilə qədər o, Huawei şirkətində top menecer, sonra isə İT nəhəngi Baidu şirkətinin texniki direktoru olub. Mavericks Electric elektrik avtomobil startapını qurduqdan sonra, İnan hətta maliyyə fırıldaqlarına görə iki il yarım müddətinə həbs də edilib. Hazırda iş adamının 52 yaşı var və Forbes dərgisi onun sərvətinin bir milyard dollar olduğunu bildirir.
2014-cü ildən fəaliyyət göstərən və elektrikli skuterləri ilə motosikletləri istehsal edən Niu Technologies Li İnanın əsas biznesi olaraq qalır. Lakin İnan 2018-ci ildə yenidən avtomobil sənayesini fəth etmək qərarına gəlib: o, IDG Capital və Coatue Management LLC investisiya şirkətlərini cəlb edərək, Ziyoujia Automobile startapını qurub və Niutron markası ilə bazara çıxıb.
Çin markasının ilki olan Niutron NV krossoverini ölçülərinə görə Volvo XC90 və ya Toyota Highlander krossoverləri ilə müqayisə etmək olar. NV modelinin uzunluğu 4915 millimetr, eni - 1962 millimetr, hündürlüyü - 1755 millimetr, təkər bazası isə 2910 millimetrdir. Avtomobilin kuzovu polad və alüminiumdan hazırlanıb, standart təkər diskləri isə 20-düymlükdürlər. Arxa dayaqlarda batareyadakı enerjinin səviyyəsini göstərən LED indikatorlar var.
Sanballı ölçülərə baxmayaraq, Niutron NV yalnız iki oturacaq sırasına malikdir. Ancaq ikinci sıra həqiqətən genişdir, baqaj bölməsinin bəyan edilmiş həcmi isə 788 ilə 1730 litr arasındadır. Ön sərnişin oturacağında irəli çıxan ayaq dayağı da var. Damda açılmayan iki şüşə bölmə quraşdırılıb.
Ön paneldə virtual cihazlar panelinin 12,3 düymlük ekranı, media sistemin 15,6-düymlük planşeti var. Panelin kənarlarında ətraf mühitin temperaturunu göstərən iki kiçik displey quraşdırılıb. Multimedia sistemi Android əsaslı Niutron OS əməliyyat sistemi ilə çalışır. İki mərtəbəli mərkəzi tuneldə qadcetlərin simsiz doldurulması üçün iki meydança var.
Krossover yaylı asqısı (öndə McPherson, arxada çoxqollu) və iki elektrik mühərriki ilə təmin edilən standart tam ötürməsi olan Gemini platformasında inşa edilib. Çin istehsalçısı bu platformanın öz məhsulu olduğunu iddia edir.
Baza versiyası ön və arxa oxlarda quraşdırılan və 190 at qüvvəsi (226 Nm) hasil edən iki elektrik mühərrik ilə təchiz edilir. İkimühərrikli güc qurğusunun ümumi hasilatı 380 at qüvvəsi və 452 Nm fırlanma anıdır. Seçmək üçün iki dartma batareyası təklif olunur - 65 və ya 86 kilovat-saatlıq. Pasport üzrə yürüş məsafəsi 440 və ya 550 kilometr (CLTC dövrünə görə) təşkil edir.
Bundan başqa,modifikasiya çeşididnə kapotunun altında 1,5-litrlik dördsilindrli benzin turbomühərriki olan ardıcıl hibrid də var. Güc aqreqatı təkərlərə qoşulmur və yalnız generator rejimində işləyir, buna görə də Çin istehsalçısı onun xüsusiyyətlərini açıqlamayıb.
Hibrid 31 kilovat-saatlıq dartma batareyasına və 60 litrlik yanacaq çəninə malikdir. Tam dolu batareya ilə yürüş məsafəsi cəmi 150 kilometrdir, lakin ümumi yürüş məsafəsi 1257 kilometrə (CLTC) çatır.
Hibridin arxadakı elektrik mühərriki elektrik versiyasındakı ilə eynidir, lakin ön elektrik mühərriki fərqlidir: o, 177 at qüvvəsi və 300 Nm hasil edir. Beləliklə, hibrid sistemin ümumi hasilatı 367 at qüvvəsi və 526 Nm fıərlanma anına bərabərdir.
Krossoverin bütün modifikasiyalarının 100 km/saata 5,9 saniyəyə sürətləndiyi elan edilib. Eyni zamanda, bütün versiyalar SuperDrive AAD adaptiv kruiz-kontrolu ilə təchiz olunurlar: sistemin arsenalında ön şüşənin altındakı kamera, ön radar və ümumi məhsuldarlığı 256 tops (saniyədə trilyonlarla əməliyyat) olan iki Horizon Journey 5 prosessoru var.
Li İnan Niutron avtomobillərinin istehsalını təşkil etmək üçün keçən il müflis olmuş Dorcen şirkətinin iki zavodundan birini satın alıb: bu müəssisə Çançjou şəhərində yerləşir və ildə 180.000 avtomobil istehsal etmək üçün nəzərdə tutulub (ikinci zavodu BYD alıb). Niutron NV krossoverlərinin qiyməti 39 000 dollardan başlayır. İlin sonuna qədər şirkət Çinin 40 şəhərində 120 diler mərkəzini yaratmaq niyyətindədir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.