Çində maqnit yastığında hərəkət edən yeni yüksək sürətli qatarın təqdimatı keçirilib. Qatarın maksimal sürət həddi 600 km/saat təşkil edir ki, bu da onu mövcud olan ən sürətli quru nəqliyyatına çevrir. Bu barədə Çinin Sinxua agentliyi məlumat verib. Qatar üzərində çalışmalara 2016-cı ildə başlanıb və keçən ilin yazından etibarən onun prototipi Şanxayda sınaqdan keçirilib. Qatar ilk dəfə 20 iyul tarixində ölkənin şərqindəki Tsindao şəhərində ictimayyətə göstərilib.
Maqlev (“maqnit levitasiyası”) qatarı maqnit yastığının üzərində hərəkət edir: qatar hərəkət zamanı relslərə toxunmadan sözün əsl mənasında “levitasiya” edir - yəni havada asılı qalır. Bu texnologiya təkcə yüksək sürətə çatmağa imkan vermir, o həm də adi qatarlara nisbətən dönmə radiusunu təqribən yarıya qədər endirməyə kömək edir. Bunun sayəsində maqlevlər binaları yandan ötüb keçə bilərlər. Bundan əlavə, onlar relslərə toxunmadıqları üçün demək olar ki, səs çıxarmırlar.
Saatda 600 kilometr sürətil iə hərəkət edən qatarla Pekindən Şanxaya qədər olan 1000 kilometrlik məsafəni qət etmək cəmi 2,5 saat çəkəcəkdir. Müqayisə üçün, eyni yolu təyyarə ilə üç saata, yüksək sürətli dəmir yolu ilə isə. 5,5 saata gət etmək mümkündür.
Çində maqlevlərin istismarına 2004-cü ildə başlanılıb: o zaman, Almaniyanın istehsal etdiyi Transrapid “maqnit” qatarı Şanxayın mərkəzi ilə Pudun hava limanını birləşdirən 30 kilometrlik marşrut üzrə hərəkətə başlayıb. Qatardan bu gün də istifadə olunur və onun sürəti 431 km/saata çatır. Transrapid qatarının rekord sürəti saatda 501 kilometrdir.
Belə qatarlar arasındakı sürət rekordu yaponlara məxsusdur: 2015-ci ildə yeddi vaqonlu Sinkansen L0 maqlevi 603 km/saat həddinə qədər sürətlənməyi bacarıb. Bununla birlikdə, qatarın istismara verilməsi 2027-ci ilə planlaşdırılır və onun sürəti 500 km/saatı keçməyəcəkdir. Bu isə, yeni Çin qatarının sürətindən 100 km/saat azdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.