Çinin MyDrivers avtomobil nəşri elektrokarların şaxtalı havada necə işlədiklərini yoxlamaq qərarına gəlib. Çin nəşrinin jurnalistləri 40 ədəd “yaşıl” avtomobili seçərək, onları şəhər küçələrində və magistrallarda sınaqdan çıxarıblar. Elektrokarların əksəriyyəti Çindən kənarda tanınmırlar, lakin sınaqdan keçirilmişlər arasında digər ölkələrdə də satılan modellər olub: Tesla Model Y və Model 3, Porsche Taycan, Audi e-tron, Volkswagen ID.3, Geely Geometry C və Polestar 2.
Sınaqları Çinin şimalındakı Daxili Monqoliya adlanan rayonda keçirmək qərarlaşıdırlıb. Sınaqlardan öncə elektrokarların batareyasını 100 faizə qədər dolduraraq, onları gecə açıq havada saxlayıblar. Sonra isə, elektrokarları əyləcləmə zamanı ayrılan enerjinin rekuperasiyası funksiyası qoşulmuş qənaət rejimində sınaqdan çıxarıblar. Salonda sürücü və bir sərnişin olub, məlum məsələdir ki, iqlimə nəzarət sistemi də qoşulub: temperaturu Selsi üzrə 24 dərəcə təyin ediblər.
Avtomobillərin əksər hissəsi 20 dərəcəlik şaxtada 40 - 60 faiz arasında yürüş ehtiyatını itiriblər. Ən uzun məsafəni qət edən modelllər arasında lider Çinin Weilai EC6 elektrokarı olub: bu model batareyanın 54,8 faizini saxlayıb, lakin 615 kilometrlik pasport ehtiyatına qarşı 336,9 kilometr qət edə bilib. Faiz nisbətinə görə birinciliyə gəldikdə isə, ən yaxşı nəticəni Wuling Hongguang Mini EV büdcə avtomobili qeydə alıb – elektromobil bəyan edilmiş 170 kilometrdən 103,2 kilometri (60,7%) qət etməyə müvəffəq olub.
Tesla Model Y elektrokarı şaxtada enerjisinin 47 faizini saxlayıb: 594 kilometrlik ehtiyatdan 279,6 kilometri qalıb. Çindən kənarda məşhur olan modellər yürüş ehtiyatının azalmasına görə belə sıralanıblar: Geely Geometry C (50,2%, 550-dən 276,2 kilometr), Audi e-tron (58,6%, 465-dən 272,3 kilometr), Polestar 2 (48,2%, 512-dən 246,6 kilometr), Porsche Taycan (54,6%, 414-dən 226,2 kilometr), Tesla Model 3 (42,8%, 468-dən 200,2 kilometr) və Volkswagen ID.3 (38,9%, 430-dan 167,3 kilometr).
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.