Çində gələcəkdə seriya modelinə çevriləcək BeyonCa (Beyond the Car) elektromobilinin prototipi təqdim olunub. Çinlilərin qeyri-adi yanaşması var: BeyonCa sürücünün və sərnişinlərin sağlamlığının qayğısına qalır. BeyonCa elektromobili ürək döyüntüsü, qan təzyiqi, temperatur və digər sağlamlıq göstəricilərinə nəzarət edən müxtəlif sensorlarla təchiz edilib. Hər hansı bir parametr normaya uyğun gəlməsə, onlayn məsləhətlərin verilməsi də nəzərdə tutulub.
BeyonCa startapının əsas investorlarından biri Fransanın Renault konsernidir, Çinin Dongfeng şirkəti isə, istehsala cavabdeh olacaqdır. Layihəyə beynəlxalq səviyyəli peşəkarlar cəlb olunub: daha əvvəl Audi, Skoda və Bentley şirkətlərində çalışmış Dirk van Brekel yeni markanın dizayneri, əvvəllər Volkswagen şirkətinin idarə heyətinə daxil olan Kristian Klinqler isə, yeni şirkətin təsisçilərdən biri təyin edilib.
Hans-Joaxim Rotenpiler də Volkswagen şirkətindən BeyonCa startapına keçib və texniki direktor vəzifəsinə təyin edilib. BeyonCa şirkəti isə, hazırda Renault şirkətinin Çindəki ofisinə rəhbərlik edən çinli sahibkar Su Veymin tərəfindən təsis edilib.
“Təkərlər üzərindəki ilk həkim kabinetinin” istehsalına 2024-cü ildə başlanmalıdır. Yeni model üzərində çalışmalar paralel olaraq Çində, Münhendəki dizayn mərkəzində və Sinqapurda həyata keçirilir. Seriya elektromobilin qiyməti təxminən 1 milyon yuan (indiki məzənnə ilə 239 min manat) təşkil edəcək, yəni lüks avtomobil seqmentində təqdim olunacaqdır. Gələcəkdə Çin markasının model xəttində beş avtomobil olmalıdır. BeyonCa ildə 100 min avtomobil istehsal etməyi planlaşdırır.
Hələlik BeyonCa yalnız Gran Turismo Opus 1 adlı konseptual prototipi təqdim edib.Bu, Mercedes-Benz EQS liftbekinə potensial rəqib olacaq fastbəkdir. Yeganə məlum olan, onun 130 kilovat-saatlıq batareya ilə təchiz edildiyidir. Digər parametrlər açıqlanmayıb.
BeyonCa həmçinin xarici bazarlara da çıxmağı hədəfləyir: ixrac planlarına Yaxın Şərq və Cənub-Şərqi Asiya daxildir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.