Denim parçanın qalınlığı müxtəlif olur. Yerli mağazada cins yaxud denim gödəkcəni seçib alarkən toxunub hiss etmək olur. Lakin, əcnəbi onlayn mağazalardan sifariş edərkən bilmək mümkünsüz ola bilər. Bu səbəbdən aşağıda qeyd olunan məlumatlar vacibdir ki, sonra “sürprizlə" qarşı-qarşıya qalmayasan.
Denimin çəkisi Unsiya (ing. Ounce) ilə ölçülür. Parçanın uyğunluğunu, qalınlığını və dözümlülüyünü təyin etmək üçün bu vacibdir. Seçim edərkən bu tövsiyələrdən istifadə edə bilərsiniz.
İqlimə, fəsilə və nəzərdə tutulan istifadə məqsədinə görə denimin çəkisi dəyişir və geyim seçiminə təsir göstərir.
Denim – pambıqdan hazırlanmış möhkəm parçadır. Xüsusilə cins və gödəkcələr üçün istifadə olunur. Denim, xüsusi bir toxuma texnikası ilə hazırlanır və bu da onun möhkəmliyini təmin edir.

Qalınlıq yaxud çəki haqqında məlumat cins və denim geyimlərin etiketində “oz” olaraq qeyd olunur
Denimin ağırlığından danışarkən, parçanın nə qədər ağır olduğu nəzərdə tutulur. Denimin çəkisi bir kvadrat yard başına unsiya (ounces per square yard – oz/yd²) ilə göstərilir. Bu, parçanı yüngül, orta və ağır növlərə bölməyə yardım edir.
1 oz = 28.35 qr, 1 yd² = 0.836 m²
Denim parçanın qalınlığına təsir edən amillərdən biri də onun toxunulduğu materialdır. Qalın pambıq iplikdən toxunulan denim daha ağır olur. 100% pambıq (ing. cotton) denim daha qalındır, bu da dözümlülüyü yüksək edir.
Lakin, tərkibində az miqdarda elastan olan denim daha nazik və yüngül hissiyatı verir. Lyocell (Tencer) və kətan lifləri əlavə olunan denim də incə və yüngül olur. Bu materiallar isti havalar üçün uyğundur.
Denimə əlavə olunan Elastan (digər adları – Spandeks, Laykra, ing. Spandex və Lycra) parçanın daha elastik və rahat olmasına səbəb olur, bədənə daha yaxşı oturmasını təmin edir və hərəkət azadlığı yaradır. Elastanın əlavə olunması cinslərin dartılaraq əvvəlki formasına qayıtmasına imkan verir, bu da deformasiya olunmasının qarşısını alır və geyinərkən rahatlıq təmin edir. Adətən cins şalvarlarda 1%‑dən 10%‑ə qədər elastan istifadə olunur, bu miqdar tələb olunan elastiklik dərəcəsinə görə dəyişir.
Aşınma müqavimətini, elastikliyini və dözümlülüyünü artırmaq üçün bəzən denimə poliester də əlavə olunur. O, cinsi dartılmaya qarşı daha dayanıqlı edir, qırış və tük yığılmasına (katış) meyilliyini azaldır, həmçinin yuyulduqdan sonra formasını daha yaxşı saxlayır.

Cinsin daxilindəki etiketdə parçanın tərkibi haqqında ətraflı məlumat yerləşdrilir
Denimin çəki kateqoriyalarını araşdırarkən yüngüldən ağır çəkiyə qədər seçimlərin olduğunu görmək olar.
1. Yüngül denim (5-9 unsiya)
Yüngül denimin çəkisi 5 ilə 9 unsiya arasındadır. Bu gündəlik geyim üçün ən əlverişli seçimdir və rahatlığı təmin edir. İsti hava üçün idealdır, çünki daha incədir və tərləməni minimuma endirir.
2. Orta çəkili denim (10-12 unsiya)
Orta çəkili denimin çəkisi adətən 10-12 unsiyadır. Rahatlıq və davamlılıq arasında üstün bir tarazlıq təmin edir. Orta çəkili denimin orijinal sərtliyinə görə daha uzun aşınma müddəti olur, bununla yanaşı, yüksək nəfəs alma qabiliyyətinə malikdir.
3. Qalın denim (13-16 unsiya)
Bu denimin sıxlığı 13 ilə 16 unsiya arasındadır. Davamlılığı və aşınma müqaviməti sayəsində bu parça gündəlik istifadə üçün idealdır. Sərtliyinə görə daha uzun ömürlüdür, soyuq iqlim üçün uyğundur.
4. Ağır denim (17 unsiyadan yuxarı)
Yüksək dözümlüyə ehtiyac varsa, ağır denim uyğun olacaq. 17 unsiyadan yüksək ağırlığında olan parçalar əhəmiyyətli qalınlığa və uzun xidmət müddətinə malikdir.

Orta çəkili denim Azərbaycan iqlimi üçün ən yaxşı seçimdir. Hər fəsil üçün uyğundur və ilboyu geyinilir.
İstehsalçılar cinsi ən tez 10 geyinilmədən sonra yumağı məsləhət görür. Paltar yuyan maşında tez-tez yuyulan cins daha tez aşınır. Buna kimyəvi maddələr və maşının yüksək sıxılma dövriyyərləri neqativ təsir göstərir. Denimdən olan geyimi düymələri və zəncirbəndini bağlayıb, astarına çevirib paltar yuyan maşına yerləşdirərək, incə rejimdə 30 dərəcədən çox olmayaraq, ən aşağı sıxılma dövriyəsini seçib yumaq lazımdır.
İdealda isə əllə yuyub, sonra üfüqi səthə, quru dəsmalın üzərinə sərərək qurutmaqdır. Bu, cinsi yeni vəziyyətdə saxlayaraq 10 ildən çox geyinməyə imkan verə bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.