Son illərdə çox adam geyimi onlayn mağazalardan alır. Bu daha ucuz almaqla yanaşı, daha geniş model, rəng və ölçülərdən seçmək imkanı verir.
ABŞ, Avropa və Şərq ölkələrində bədən ölçüləri fərqli olur. Bəs bu ölçüləri bilmədən necə düzgün seçim etmək olar?
Mükəmməl cins və ya şalvar axtararkən, xüsusən də onlayn satın alarkən, onları ölçməyi bilmək vacibdir.
Nəzərinizdə olsun ki, ABŞ və Şərq ölkələrində ölçü vahidi – düym (ing. inch), Avropa, Türkiyə və MDB ölkələrində isə sm (santimetr) ilə təyin olunur. Bunun üçün 1 sm 2.54-ə vurmaq lazımdır (1 düym = 2.54 sm). Daha asan yolu isə bir tərəfi sm, digər tərəfi düym ilə olan ölçü lenti almaqdır.

Bədən ölçüsünü təyin etmək üçün sahib olduğunuz ən uyğun şalvarı götürüb, aşağıdakı təlimatı istifadə edərək ölçmələri etmək lazımdır. Bu rəqəmləri məhsulun vebsəhifəsindəki cədvəl ilə qarşılaşdıraraq, doğru ölçünü təyin etmək mümkündür (aşağıdakl nümunə).

Levi's saytında olan nümunə
Cins və şalvarların ölçü qaydaları
Bel ölçüsü (Waist):
1. Şalvarı düymələyin.
2. Şalvarı düz səthə elə yerləşdirin ki, arxa yuxarı hissəsi ilə ön üst-üstə düşsün. Onu kənarlarından tarım çəkin.
3. Bel hissəni bir kənarından digərinə qədər ölçün (şəkilədki kimi).
4. Bu ölçünü 2-yə vurun. Alınan rəqəm cinsin ölçüsüdür (ing. size).
Cinslərin ölçüsü düym ilə hesablanır (məsələn, bel W32). Bəzi istehsalçılar 2 ölçü aralıqlarla, cins istehsalında xüsusiləşmiş markalar isə 1 ölçü aralıqlarla təklif edirlər.

Nama Denim selvedge jeans
Ön oturuş (Front Rise):
1. Şalvarın bütün düymələrini bağlayın.
2. Şalvarı düz bir səthə yerləşdirin.
3. Ön hissəni möhkəm çəkin.
4. Şalvarın ağındakı (şalvarın qasıq nahiyəsini örtən hissəsi) tikişdən kəmərin yuxarı hissəsinə qədər ölçün.
Bir qayda olaraq aşağı bel (Low-rise) 8 düymdən az, orta bel (Mid-rise) 8 ilə 9.5 düym aralığında, yüksək bel (High-rise) 10 düym və daha çox hesab olunur. Bel hündürlüyünün ölçüsünü Cins haqqında vebsəhifədəki məlumatlarda tapmaq olar.

Arxa oturuş (Back Rise):
1. Şalvarın bütün düymələrini bağlayın.
2. Şalvarı düz bir səthə yerləşdirin.
3. Şalvarı arxadan möhkəm çəkin.
4. Şalvarın ağındakı tikişdən arxa belin yuxarı hissəsinə qədər ölçün.

Oturacaq (Seat):
1. Şalvarı düz yerləşdirin.
2. Ölçü lentini şalvarın önündəki qulfik bağlamasının (zəncirbənd olan hissə) aşağı hissəsindən keçirərək yerləşdirin.
3. Şalvarın bir kənarından digəri kənarına olan məsafəni ölçün.

Bud (Thigh):
1. Şalvarı düz yerləşdirin.
2. Ölçü lentini daxili tikişin uzaq kənarına qoyun.
3. Şalvarın xarici bud hissəsinə qədər olan məsafəni ölçün.

Diz (Knee):
1. Şalvarı düz yerləşdirin.
2. Şalvarın ağındakı tikişdən 30 sm (12”) dizə qədər ölçün.
3. Həmin nöqtədən cinsin diz hissəsindəki bir kənarından digər kənarına qədər ölçün.

Daxili tikiş xətti (Inseam):
1. Şalvarı elə yerləşdirin ki, ayaqların daxili tikişi tam düz olsun.
2. Şalvarın ağındakı tikişdən başlayaraq şalvarın balağına qədər olan məsafəni ölçün.
3. Alınmış rəqəm cinsin uzunluğunun göstəricisidir.
Cinsin uzunluğunun boy hündürlüyünə görə uyğunluğu:
29 – 168 sm-dən (5’6”) qısa
30 – 168-173 sm (5’6” - 5’8”)
32 – 173-183 sm (5’8” - 6’)
34 – 183-193 sm (6’ - 6’4”)
36 – 193-198 sm (6’4” - 6’6”)
38 – 198-203 sm (6’4” - 6’8”)
*Bu rəqəm cinsin kəsim növünə görə dəyişə bilər.

Balaq (Leg Opening):
1. Şalvarı düz yerləşdirin.
2. Şalvarın balağının bir kənarından digərinə olan məsafəni ölçün.

Bu ölçüləri həm cins, həm də digər növ şalvarlara tətbiq etmək olar.
Cins - denim (jean) parçadan olan 5-cibli şalvara deyilir. "Cins şalvar" ifadəsi yanlışdır, alternativ olaraq "Denim şalvar" deyilə bilər.
Gödəkçələrin ölçüsünü təyin etmə qaydaları
Davamındakı qayda ilə gödəkcə və pencəklərin ölçülərini təyin etmək mümkündür.
Sinə eni (Pit to pit):
1. Gödəkçənin düymələrini bağlayın.
2. Qolları “T" şəklində açaraq, üzü yuxarı düz səthə yerləşdirin.
3. Qoltuq hissəsindəki tikişdən digər tərəfdəki qoltuğa qədər ölçün.

The Unbranded Brand selvedge gödəkcəsi
Çiyin (Shoulder):
1. Gödəkçənin düymələrini bağlayın.
2. Onu arxa üzünə, qolları “V" şəklində düz bir səthə yerləşdirin.
3. Bir çiyin tikişindən digərinə qədər ölçün.

Qol (Sleeve):
1. Gödəkcəni düz səthə yerləşdirin.
2. Çiyin tikişindən manjetin ucuna qədər ölçün.

Uzunluq (Length):
1. Gödəkcəni arxa üzünə düz bir səthə, qolları “V" hərfi şəklində yerləşdirin.
2. Yaxalığın birləşmə tikişindən ətəkdəki ən uzun nöqtəyə qədər ölçün.

Vebsaytdakı cədvəldəki ölçülərlə qarşılaşdıraraq düzgün bədən ölçüsünü təyin etmək olar. Əgər hər hansı onlayn platformada bu ölçüləri göstərən cədvəl yoxdursa, istehsalçının öz səhifəsində məlumatları tapmaq olar.

Diesel saytından nümunə
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.