Son illərdə çox adam geyimi onlayn mağazalardan alır. Bu daha ucuz almaqla yanaşı daha geniş model, rəng və ölçülərdən seçmək imkanı verir.

ABŞ, Avropa və Şərq ölkələrində bədən ölçüləri fərqli olur. Bəs bu ölçüləri bilmədən necə düzgün seçim etmək olar?

Mükəmməl cins və ya şalvar axtararkən, xüsusən də onlayn satın alarkən, onları ölçməyi bilmək vacibdir. 

Nəzərinizdə olsun ki, ABŞ və Şərq ölkələrində ölçü vahidi – düym (ing. inch), Avropa, Türkiyə və MDB ölkələrində isə cm (santimetr) ilə təyin olunur. Bunun üçün 1 cm 2.54-ə vurmaq lazımdır (1 düym = 2.54 cm). Daha asan yolu isə bir tərəfi cm, digər tərəfi düym ilə olan ölçü lenti almaq olar.

Bədən ölçüsünü təyin etmək üçün sahib olduğunuz ən uyğun şalvarı götürüb, aşağıdakı təlimatı istifadə edərək ölçmələri etmək lazımdır. Bu rəqəmləri vebsəhifədəki cədvəl (məqalənin sonunda nümunə ilə tanış olun) ilə qarşılaşdıraraq, doğru ölçünü təyin etmək mümkündür.

Cins və şalvarların ölçü qaydaları

Bel ölçüsü (Waist):
1. Şalvarı düymələyin. 
2. Şalvarı düz səthə yerləşdirin ki, arxa yuxarı hissəsi ilə ön üst-üstə düşsün. Onu kənarlarindan tarım çəkin.
3. Bel hissəni bir kənarından digərinə qədər ölçün.
4. Bu ölçünü 2-yə vurun. Alınan rəqəm cinsin ölçüsüdür (ing. size).

Cinslərin ölçüsü düym ilə hesablanır (məsələn, bel W32). Bəzi istehsalçılar 2 ölçü aralıqlarla, denim geyimlərində xüsusiləşmiş markalar isə 1 ölçü aralıqlarla təklif edirlər.  

Ön oturuş (Front Rise): 
1. Şalvarın bütün düymələrini bağlayın.
2. Şalvarı düz bir səthə yerləşdirin.
3. Ön hissəni möhkəm çəkin.
4. Şalvarın ağındakı (şalvarın qasıq nahiyəsini örtən hissəsi) tikişdən kəmərin yuxarı hissəsinə qədər ölçün.

Bir qayda olaraq aşağı bel (Low-rise) 8-düymdən az, orta bel (Mid-rise) 8 ilə 9.5-düym aralığında, yüksək bel (High-rise) 10-düym və daha çox hesab olunur. Bel hündürlüyünün ölçüsünü Cins haqqında vebsəhifədəki məlumatlarda tapmaq olar.

Arxa oturuş (Back Rise): 
1. Şalvarın bütün düymələrini bağlayın.
2. Şalvarı düz bir səthə yerləşdirin.
3. Şalvarı arxadan möhkəm çəkin.
4. Şalvarın ağındakı tikişdən arxa belin yuxarı hissəsinə qədər ölçün.

Oturacaq (Seat): 
1. Şalvarı düz yerləşdirin.
2. Ölçü lentini oturacaq hissəsində zəncirbəndib aşağı hissəsindən keçirərək ölçülür.
3. Şalvarın bir kənardan digəri kənarına olan məsafəni ölçün.

Bud (Thigh): 
1. Şalvarı düz yerləşdirin.
2. Ölçü lentini daxili tikişin uzaq kənarına qoyun.
3. Şalvarın xarici bud hissəsinə qədər olan məsafəni ölçün.

Diz (Knee): 
1. Şalvarı düz yerləşdirin.
2. Şalvarın ağındakı tikişdən 30 cm (12”) dizə qədər ölçün.
3. Həmin nöqtədən cinsin diz hissəsindəki bir kənarından digər kənarına qədər ölçün.

Daxili tikiş xətti (Inseam):
1. Şalvarı elə yerləşdirin ki, ayaqların daxili tikişi tam düz olsun.
2. Şalvarın ağındakı tikişdən başlayaraq şalvarın balağına qədər olan məsafəni ölçün.
3. Alınmış rəqəm cinsin uzunluğunun göstəricisidir.

Cinsin uzunluğunun boy hündürlüyünə uyğunluğu (bu rəqəm cinsin kəsim növünə görə bir addım dəyişə bilər):
29 – 168 cm-dən (5’6”) qısa 
30 – 168-173 cm (5’6” - 5’8”)
32 – 173-183 cm (5’8” - 6’)
34 – 183-193 cm (6’ - 6’4”)
36 – 193-198 cm (6’4” - 6’6”)
38 – 198-203 cm (6’4” - 6’8”)

Balaq (Leg Opening): 
1. Şalvarı düz yerləşdirin.
2. Şalvarın balağının bir kənarından digərinə olan məsafəni ölçün.

Bu ölçüləri həm cins, həm də digər növ şalvarlara tətbiq etmək olar. 

Cins - denim (jean) parçadan olan 5-cibli şalvara deyilir. Cins şalvar ifadəsi yanlışdır. 

Gödəkçələrin ölçüsünü təyin etmə qaydaları

Davamındakı qayda ilə gödəkcə və pencəklərin ölçülərini təyin etmək mümkündür.

Sinə eni (Pit to pit):
1. Gödəkçənin düymələrini bağlayın.
2. Qolları “T" şəklində açaraq, üzü yuxarı düz səthə yerləşdirin.
3. Qoltuq hissəsindəki tikişdən digər tərəfdəkinə qədər ölçün.

Çiyin (Shoulder):
1. Gödəkçənin düymələrini bağlayın.
2. Onu arxa üzünə, qolları “V" şəklində düz bir səthə yerləşdirin.
3. Bir çiyin tikişindən digərinə qədər ölçün.

Qol (Sleeve):
1. Gödəkcəni düz səthə yerləşdirin.
2. Çiyin tikişindən manjetin ucuna qədər ölçün.

Uzunluq (Length):
1. Gödəkcəni arxa üzünə düz bir səthə, qolları “V" hərfi şəklində yerləşdirin.
2. Yaxanın birləşmə tikişindən ətəkdəki ən uzun nöqtəyə qədər ölçün.

Vebsaytdakı cədvəldəki ölçülərlə qarşılaşdıraraq düzgün bədən ölçüsünü təyin etmək olar. Əgər hər hansı onlayn platformada bu ölçüləri göstərən cədvəl yoxdursa, istehsalçının öz səhifəsinə məlumatları tapmaq olar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.