"Sessna" dedikdə ağlınıza gələn ilk fakt 28 may 1987-ci il tarixində Matias Rustun Cessna Skyhawk təyyarəsində Moskvanın Bolşoy Moskvoretski körpüsünə enməsi gəlirsə, demək, siz SSRİ-də doğularlandarsınız. Bir çoxları Cessna markasını kiçik təyyarələrin istehsalçısı kimi tanısa da, Textron qrupuna daxil olan bu marka biznes-cetləri ilə də məşhurdur.
Cessna markasının flaqmanı isə, Citation Longitude ceti sayılır. Bu model, amerikan istehsalçını yeni təyyarə seqmentinə - super orta ölçülü təyyarə seqmentinə daxil olmasını təmin edib. Amerikan şirkətinin bu seqmentdə bestseller olmaq şansları da böyükdür. Xırdalığına kimi dəqiq olan detallar, yaxşı düşünülmüş interyer və zərif formalar bu hava gəmisinə aşiq olmağa vadar edir.
Longitude modelinin salonuna ilk dəfə daxil olduqda, bu təyyarənin uzun məsafəli və rahat uçuşlar üçün yaradıldığını görürsən. Məsələn, düz döşəməyə malik olan kabinənin hündürlüyü 1.83 metrdir - bu, "hündür" sərnişinlərin özlərini rahat hiss edəcəklərini göstəricisidir. Bunun nə qədər vacib olduğunu anlatmağa gərək yoxdur. Kreslolar və interyer elementləri yüksək keyfiyyətli dəri və parçalar ilə örtülüblər. Salon konsepsiyası isə, uçuş zamanı sərnişinlərin real ehtiyaclarını nəzərə alaraq yaradılmışdır.
Özünüz düşünün, salondakı sərnişinlərə həm işləmək, həm də istirahət üçün çoxlu imkanlar təqdim edilir. Cessna Clarity multimedia sistemi daxili işıqlandırmanı, temperaturu və pəncərələrin tündləşdirilmə səviyyəsini tənzimləyir. Hər bir kreslo sensorlu displey ilə təchiz edilir ki, bu ekran vasitəsi ilə kreslo və masanın üstündəki işıqlandırmanı idarə edə bilərsiniz.
Sərnişinlər multimedia sisteminə iOS və Android əməliyyat sisteminə malik olan smartfon və planşetlərindən istifadə edərək qoşula bilərlər. LED çıraqlar rahat ətraf işıqlandırmasını yaradırlar. Stəkanlarla yanaşı, müxtəlif qablar qoya biləcəyiniz düzbucaqlı formasında olan stəkan altlıqları kresloların dirsəkaltılarında quraşdırılıb. Hər bir kreslo USB çıxışı ilə təchiz edilmişdir. Bundan əlavə, hər bir oturacaq cütlüyü 117 voltluq rozetka ilə təchiz olunmuşdur.
İstehsalçı standart olaraq səkkiz yerlik salon seçimi təklif edir, lakin müştərinin istəyi ilə kabinəni 12 sərnişin üçün böyütmək olar. Məsələn, yeddi nəfərlik konfiqurasiyada, sərnişinlər, istifadə zamanı çıxan, sonra isə gizlənən iri HD-ekranı olan kamod ilə üzbəüz yerləşən üç nəfərlik dəbdəbəli divanı mütləq təqdir edəcəklər.
Nəhəng baqaj bölməsi təcrid olunmuşdur və çoxlu sayda yük götürməyə imkan verir. Eyni zamanda, dizaynerlər uçuş zamanı əşyalarınızın əlçatan olmasını da düşünüblər - tualetin arxasındakı məkandan baqaj bölümünə daxil olmaq mümkündür. Yəni, hər zaman sizə lazım olan əşyaları götürə bilərsiniz. Əlavə olaraq, arxa və ön saxlama kameraları əl yüklərinizi və üst geyimlərinizi yerləşdirmək imkanı verəcəkdirlər.
Cessna Longitude cetində diqqət yetirməli məkanlardan biri də mətbəxdir. Müasir mətbəx sizə 11-12 kilometr yüksəklikdə kulinar şedevrləri yaratmağa imkan verəcəkdir. Təzyiqli su təchizatı sistemi və ərzaqları saxlamaq üçün əlavə məkan da mövcuddur. Longitude cetindəki nahar və ya şam yeməyi Michelin restoranlarında olduğundan fərqlənməyəcəkdir.
İndi isə texniki hissədən danışaq. Citation ailəsinin bütün modellərində olduğu kimi, Longitude modelinin planeri pərçimlər, boltlar və ya yapışqanlarla birləşdirilən üzləmə panelləri, nervyürləri, şpanqoutları və lonjeronları olan alüminium yarım monokokdan ibarətdir. Kompozit materiallardan az sayda istifadə olunub: məsələn, radarın, qanad çıxıntılarının hava yöndəndiricilərinin, eləcə də arxa xidmət lyukunun konstruksiyasında.
T-şəkilli quyruq dayağı bu təyyarənin çatışmazlıqlarından biridir, lakin dayağın sxemi kifayət qədər effektli və müxtəlif yüklənmələrdə geniş diapazonda mərkəzləşdirmə aparmağa imkan verir. Yeni konstruksiyalı sərnişin bölməsinin qapısı əllə açılmanı, eyni zamanda avtomatik və əllə bağlanmanı təmin edir. Hər bir pillə LED işıqlandırmaya malikdir. Sonuncu pillə minməni asanlaşdırmaq üçün yerə maksimal dərəcədə yaxınlaşır.
Füzelyajın yeni dizayn xüsusiyyətləri burun hissəsinin aerodinamikasını yaxşılaşdırıb ki, bu da aerodinamik müqavimətin azalmasına və kokpitdəki səs-küy səviyyəsinin azalmasına gətirib çıxarıb. Alın şüşənin hidrofobik örtüyə malikdir ki, bu da, şüşə səthindəki nəmi silmək üçün əlavə mexanizmin quraşdırılması ehtiyacını aradan qaldırır.
Longitude Honeywell HTF7700L mühərrikləri ilə təchiz edilir və 882 km/saatlıq kreyser sürətinə malikdir. Təyyarə 12 sərnişini 6482 kilometrə qədər məsafəyə daşımaq üçün hesablanmışdır. Qalxış üçün 1494 metrlik, eniş üçün isə 1036 metrlik uçuş-eniş zolağına ehtiyac vardır ki, bu da yüksək dağlıq ərazilərdə yerləşən hava limanlarında işləmək üçün danılmaz üstünlük verir. Təyyarənin kokpitində sensorlu LCD ekranlara sahib olan Garmin G5000 avionika kompleksi quraşdırılıb. Sensorlu panellər vasitəsilə idarəetmə, 3D trafikin nümayişi, şübhəsiz ki, xüsusi zövq verir. Təyyarənin pilotlarından biri Garmin G5000 kompleksini avionika dünyasında iPhone-u adlandırıb.
Nəhayət, gələk əsas məsələyə. Cessna Citation Longitude laynerinin qiyməti 23,5 milyon dollar təşkil edir. Təyyarənin illik saxlanma xərci 960 min dollardır. İllik xərclərin cəmi məbləği isə 1,5 milyon dollar təşkil edir.