Citroen şirkəti yenilənmiş C4 Cactus krossoverini təqdim edib. Artıq fransız istehsalçısı avtomobili krossover deyil, hetçbek adlandırır. Avtomobildə baş vermiş dəyişikliklərdən ən vacibi yeni asqı sistemidir.
“Kaktusu” hidropnevmatik Hydractive asqısın əvəz edən yeni asqı sistemi ilə təchiz edilir. İstehsalçı yeni asqının iş rejimini uçan xalı ilə müqayisə edib. Asqının əsas xüsusiyyətlərindən biri ikiborulu amortizatorlarda olan hidravlik məhdudlaşdırıcı cütlüyüdür.
Asqının sıxılması və ya geniş açılması zamanı, məhdudlaşdırıcılar yerdəyişməni yavaşladaraq qəfil dayanmaların qarşısını alır. Asqının cüzi gedişi zamanı, yeni elementlər kuzovun şaquli yerdəyişmələrinin diapazonunu artıraraq “uçan xalı” effektini yaradırlar.
Yeni asqı sistemi 2016-cı ildə təqdim edilmişdi. O zaman, onu Citroen C4 Cactus modelinin xüsusi olaraq hazırlanmış prototipinə quraşdırmışdılar.
Texniki yeniliklərlə yanaşı, “Kaktus” hetçbekinin eksteryerində də müəyyən dəyişikliklər baş verib. Belə ki, avtomobil yumşaq Airbump panellərinin əksəriyyətindən məhrum olub. Artıq belə elementlər yalnız avtomobilin kandarlarında qalıbdır.
Restaylinq keçən C4 Cactus 130 at qüvvəsi hasil edən 1.2-litrlik üç silindrli mühərrik ilə təchiz edilir. Bu aqreqat yalnız mexaniki qutu ilə tandemdə çalışır. Modelin mühərrik çeşidinə 81 və 110 at qüvvəli benzin və 100 at qüvvəli dizel mühərrikləri daxildir. Sonradan 120 at qüvvəli dizel aqreqatının da mühərrik çeşidinə daxil ediləcəyi bildirilib.
Citroen C4 Cactus modelinin təchizatına 12 elektron köməkçi və təhlükəsizlik sistemləri daxildir. Onların arasında zolaqlara və kor zonalara nəzarət funksiyası, yol nişanlarının tanınması və təcili əyləcləmə sistemləri də vardır. Bundan başqa, yenilənmiş avtomobil yeni ön oturacaqlara və daha yaxşı səs izolyasiyasına sahib olub.