Citroen şirkəti yenilənmiş C4 Picasso və Grand C4 Pikasso minivenlərini təqdim etmişdir. Yenilənmiş avtomobillər yeni rəng çalarları, dizaynı cüzi dəyişdirilmiş ön bamper, 17-düymlük təkər diskləri və 3D-effektli arxa fənərlər ilə təchiz edilir. Bundan başqa, Citroen C4 Picasso modeli iki rəngli dam ilə də təklif ediləcəkdir. Citroen Grand C4 Picasso miniveni isə, əlavə olaraq damın gümüşü rəngli haşiyəsini də əldə etmişdir. Yenilənmiş avtomobillərin təchizatına 7-düymlük sensorlu displeyi və İnternet şəbəkəsiznə daxil olma imkanı olan 3D Citroen Connect Nav naviqasiya sisteminin sonuncu nəsli daxildir.
Bundan əlavə, yenilənmiş minivenlər arxa bamperin altında ayaq hərəkəti etməklə baqaj bölümünün qapısını açan Hands-Free Tailgate texnologiyasını əldə etmişdirlər. Avtomobillərin avadanlıq siyahısına adaptiv kruiz-kontrol, yol nişanlarını aşkar edən, sürəti məhdudlaşdıran və hərəkət zolağının dəyişməksi barədə xəbərdarlıq edən sistem də daxil edilmişdir.
C4 Picasso və Grand C4 Picasso modelləri həmçinin, ölü zonalara nəzarət funksiyası, sürücünün yorğunluğunu ölçən sistem və aktiv əyləclənmə funksiyası ilə də təchiz edilə bilərlər.
Citroen C4 Picasso və Grand C4 Picasso minivenləri 130 at qüvvəsi gücü olan 1,2-litrlik PureTech turbomühərriki və altı diapazonlu avtomatik sürətlər qutusu ilə hərəkətə gəlirlər. Yenilənmiş minivenlərin Avropadakı satışlarına bu ilin yay aylarında başlanmalıdır.