Citroën əfsanəvi 2CV modelinin müasir interpretasiyasını hazırlayır. Fransız markası Paris avtosalonunda nümayiş etdirəcəyi 2CV Concept-in yeni tizer görüntülərini yayımlayıb. Konsept sırf elektrik güc qurğusu ilə hərəkət edəcəyi və modelin seriya istehsalına 2028-ci ildə başlanması gözlənilir.

Yeni 2CV-nin əsas ideyası 1948-ci ildə təqdim olunan orijinal modelin sadəlik, yüngüllük, praktiklik və əlçatanlıq fəlsəfəsini müasir dövrə daşımaqdır. Bu dəfə klassik resept elektrik güc qurğusu ilə birləşdirilir. Citroën elektromobilliyi daha sadə, əlçatan və geniş auditoriya üçün cəlbedici etmək niyyətindədir.

Yeni tizerlərdə konseptin kuzovu ilə bağlı əvvəlkindən daha çox detal görünür. Yumru və yığcam kuzov formaları orijinal 2CV-nin üslubunu xatırladır. Ön hissədə dairəvi elementlərlə müasir işıq texnologiyası birləşdirilib, iki şevronlu Citroën loqosu isə nəzərəçarpacaq şəkildə yerləşdirilib. Sadə qapı dəstəyi də klassik modelə istinaddır.

Citroën yeni modelin tarixlə əlaqəsini yalnız dizaynla məhdudlaşdırmır. Şirkət tizer materiallarında hətta yumurta qabından istifadə edib. Bu detal 1930-cu illərdə 2CV-nin sələfi olan TPV layihəsinin əsas tələblərindən birinə işarədir. Həmin avtomobil iki nəfəri və bir səbət yumurtanı pis, çalalı kənd yollarında aparmalı, yolun kələ-kötürlüyünə baxmayaraq yumurtalardan heç biri sınmamalı idi.

Yeni 2CV-nin Stellantis qrupunun Avropa üçün hazırladığı münasib qiymətli kiçik elektromobillər strategiyasına uyğun gəlməsi də mümkündür.

Qrup 2028-ci ildən İtaliyanın Pomilyano-d'Arko zavodunda yeni kompakt və münasib qiymətli elektrik modelləri ailəsinin istehsalına başlamağı planlaşdırır. Bununla belə, Citroën yeni 2CV-nin həmin layihənin bir hissəsi olduğunu hələlik rəsmi şəkildə təsdiqləməyib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əgər seriya istehsalı 2028-ci ildə başlayarsa, bu tarix xüsusi simvolik məna daşıyacaq. Çünki həmin il orijinal 2CV-nin Parisdə təqdimatından düz 80 il keçəcək.

2CV Concept-in tam təqdimatı oktyabrın 12–18-də keçiriləcək Paris avtosalonunda baş tutacaq. Citroën hələlik konseptin salonunu, dəqiq ölçülərini, texniki göstəricilərini və seriya versiyasının bazara çıxarılma strategiyasını açıqlamayıb.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.