Citroen şirkəti rəsmi olaraq Berlingo furqonunun yeni nəslini təqdim edib. Yan tərəflərində Airbump “yastıqları” peyda olan modelin kütləvi təqdimat mərasimi mart ayında keçiriləcək Cenevrə avtosalonunda baş tutacaqdır.
Yeni furqon EMP2 modul platformasında inşa edilib. Bu şassidən PSA Peugeot Citroen qrupuna daxil olan bir çox modellərin istehsalında istifadə olunur. Söhbət Citroen C5 Aircross, həmçinin Peugeot 3008 və 5008 modellərindən gedir.
Furqon iki təkər bazası ilə təklif ediləcəkdir – M və XL. M verisyasının uzunluğu 4,4 metr, təkər bazasının uzunluğu isə 2,78 metr təşkil edir. XL modifikasiyasında bu rəqəmlər müvafiq olaraq 4,75 və 2,97 metrə bərabərdir. Citroen Berlingo modelinin standart versiyasının baqaj həcmi 775 litrə bərabərdir ki, bu da əvvəlkindən 100 litr çoxdur. XL modifikasiyasında bu rəqəm 1050 litrdir. Berlingo modelinin ikinci cərgəsində üç fərdi oturacaq quraşdırılıb. Model həmçinin üçüncü oturacaq cərgəsi ilə də təchiz edilir. M modifikasiyasında onlar ir yerdə bərkidilsələr də, XL modifikasiyasında omal 130 millimetrlik uzunluğuna tənzimləməsi olan xəttlərdə quraşdırılır.
Bundan başqa, furqonun ön sərnişin oturacağını da qatlamaq mümkündür. Bunun sayəsində nəql edilən yüklərin uzunluğu M modifikasiyasında 2,7 metr, XL-də isə 3,05 metr təşkil edir.
Furqon 28 müxtəlif ciblərə və əşyaların saxlanılması üçün yerlərə malikdir. Onların ümumi həcmi 186 litr təşkil edir. Yeni nəsil Berlingo modelinin təchizatına proyeksiya displeyi, sürücünün vəziyyətini izləyən sistem, adaptiv kruiz-kontrol, yol nişanlarının aşkarlanması sistemi, yoxuşda tərpənməyə yardım sistemi, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən, səkkiz düumlük sensorlu ekranı olan multimedia sistemi, həmçinin smartfonları doldurmaq üçün induksiyon enerji yükləmə sistemi daxil edilibdir.
Berlingo modelinin mühərrik çeşidinə 110 və 130 at qüvvəsi hasil edən 1,2-litrlik benzin turbomühərriki, 75, 100 və 130 at qüvvəsi təklif edən 1,5-litrlik dizel aqreqatı daxil edilib. Baza mühərrikləri 6-pilləli mexaniki qutu ilə təchiz edilirlər. Ən güclü variantlar alternativ olaraq səkkiz pilləli “avtomat” ilə də təklif edilir.
Citroen Berlingo modelinin yeni nəslinin Avropadakı satışlarına 2018-ci ilin ikinci yarısında başlanacaqdır.