Citroen şirkəti yenilənmiş C5 modelinin ilk tizerini dərc edərək onun debüt tarixini açıqlayıb. Yeni modelin təqdimatını 12 aprel tarixində keçirmək planlaşdırılır. Fransız istehsalçısı C5 modelini krossover, universal və hetçbeklər arasındakı fərqləri silən bir avtomobil kimi səciyyələndirir.
Bununla belə, modelin maraqlı dizayna malik olacağı da bildirilir – videotizerdə avtomobilin işıqdiodlarından hazırlanmış işıq texnikasına keçən radiator barmaqlığı nümayiş etdirilir. Eyni zamanda, çıxıntılı kapot və nəzərəçarpan formlara malik olan qanadlar da diqqəti çəkir. Avtomoblin arxa hissəsində qalın arxa dayağı, 3D tərtibatlı fənərləri və spoyleri görmək olar. Arxa şüşənin maraqlı forması da diqqəti çəkir.
Citroen şirkəti yeni model barədə ətraflı məlumat verməsə də, C5 modelinin Peugeot 508 modelinin əsasını təşkil edən EMP2 modul platfırmasında inşa ediləcəyi məlumdur. Hər iki modelin mühərrik çeşidini bölüşəcəyi ehtimal olunur.
Xatırladaq ki, Peugeot 508 modelinin mühərrik çeşidinə iki benzin və üç dizel güc aqreqatı daxildir. Benzin mühərriklərini 180 və 225 at qüvvəli 1,6-litrlik turbomühərrik, dizel aqreqatlarını isə, 130 at qüvvəli 1,6-litrlik, 160 və 180 at qüvvəli 2,0-litrlik BlueHDi mühərrikləri təmsil edir.
Bundan başqa, model tərkibinə 1,6-litrlik mühərrik, elektromotor və 11,8 kilovat-saatlıq batareya daxil olan 225 at qüvvəli hibrid güc qurğusu ilə də təklif edilir. Hibrid model elektrik ötürməsi iıə 54 kilometr məsafə qət edə bilər.