Diqqət yetirsəniz, son zamanlar avtomobil istehsalçıları yeni modelin təqdimatından öncə, tizer kampaniyasını başladırlar. Bəzən belə kampaniyalar aylar sürür və istehsalçılar yeni modelin üzərindəki sirri yavaş-yavaş, hissə-hissə açmağa üstünlük verirlər.
Citroen şirkəti bu ənənədən kənara çıxaraq yeni nəsil C4 modelinin ilk görüntülərini yayımlayıb. Hələlik yeni model haqqında ətraflı məlumat verilməyib. Yeni Citroen C4 Opel Corsa, Peugeot 208 və 2008 modellərinin, habelə Opel Mokka krossoverinin də əsasını təşkil edən CMP modul platformasında inşa edilib.
Ən maraqlısı odur ki, Citroen yeni modeli kross-hetçbek adlandırır. Həqiqətən də, yeni avtomobil krossoverlərə xas olan plastikdən müdafiə qurşağına malik olan hetçbekə daha çox bənzəyir.
Şirkət, C4 modeli ilə birlikdə korporativ dizayn üslubunun yeni inkişaf mərhələsinə başladığını bildirib. Salonun dərc edilmiş yeganə şəklində virtual cihazlar panelini, proyeksiya displeyini və mərkəzi tunelə "batırılmış" transmissyanın miniatür selektorunu görmək olar.
Yəqin ki, yeni model güc qurğularını da eyni platformada inşa edildiyi modellərdən götürəcəkdir. Xatırladaq ki, sadaladığımız modellər 100-155 at qüvvəsi arasında gücə malik olan 1,2-litrlik benzin aqreqatı, həmçinin 1,5-litrlik dizel mühərriki ilə təklif edilirlər.
Opel və Peugeot markalarının ekoloji cəhətdən təmiz modelləri 136 at qüvvəli elektrik mühərriki və 340 kilometr məsafə qət etməyə imkan verən 50 kilovat-saatlıq batareyalarla təchiz edilirlər. Citroen C4 modelinin elektrik versiyası ё-С4 adlandırılacaqdır.
Yeni modelin reklam kampaniyası #ElectricForAll həştəqi altında keçirilir - çox güman ki, fransız markası, kütləvi əlçatan elektrokar kimi nəzərdə tutuduğu modelin demokratik qiymətinə işarə edir. Yeni Citroen C4 modelinin rəsmi təqdimatı 30 iyun taricxində keçiriləcəkdir. Model haqqında ətraflı məlumat təqdimat zamanı veriləcəkdir.
Yeni Citroen C4 modelinin Avropadakı satışlarına payızda başlanacaqdır.