Bu yaxınlarda Continental şirkəti maraqlı bir konsepsiyanı təqdim edib. New Wheel Concept adını almış konsepsiya elektromobillər üçün nəzərdə tutulan əyləc sistemidir.
Ənənəvi olaraq əyləc sistemi təkər diskinin tərkibinə daxil deyildir. Lakin, Continental şirkətinin mühəndisləri ənənəvi sxemə yenidən baxaraq maraqlı bir konstruksiya yaradıblar. New Wheel Concept sisteminin tərkib hissəsi halqadan, aparıcı ulduzdan, dairəvi əyləc diskindən, əyləc supportundan və təkər topundan ibarətdir.
Continental mühəndislərinin təklif etdiyi sistemdə əyləc diski xüsusi çıxıntılarla təkər topuna deyil, təkər diskinə bərkidilir. Support isə bu əyləc diskinin xarici kənarlardan deyil, onun daxilinə geyindirilir. Nəticədə detalların diametrinin böyüməsinə baxmayaraq onların çəkisi azaldılmışdır.
Eyni zamanda, bu komponentlərin hazırlanmasında, onlar üçün xarakterik olmayan alüminiumdan istifadə edilir. Alüminiumdan hazırlanan əyləc diski korroziyadan qorxmur və rekuperasiya ilə birlikdə rəvan və inamlı əyləcləməni təmin edir. Bu dəstin yüngül çəkisi, adi arxitekturaya nisbətən, ressoraltı kütlələrin azalmasına gətirib çıxarır ki, bu da rəvan gedişə, idarələnməyə və dinamikaya müsbət təsir göstərir.
Continental mütəxəssislərinin iddiasına görə avtomobil sürətlənmə və sürətin saxlanılmasına daha az enerji sərf edəcəkdir. Elektrokarlarda əyləc sisteminə düşən gücün (mühərrikin rekuperasiya zamanı generator rejimində çalışması səbəbilə) adi avtomobillərlə müqayisədə az olmasını nəzərə alsaq, alüminiumdan hazırlanmış diskin avtomobilin ömrü boyu istismar olunacağını ehtimal etmək olar.