Bir çoxlarının təkər istehsalçısı kimi tanıdığı Continental şirkəti əslində daha geniş çeşidə malik olan məhsul istehsalçısıdır. Bu yaxınlarda şirkət MK C1 adlanan yeni əyləc sistemini təqdim etmişdir. Şirkətin mühəndisləri yeni əyləc sisteminin yol-nəqliyyat hadisələrinin sayını hiss ediləcək dərəcədə azaldacağından əmin olduqlarını bildirmişdirlər.

Sələfləri ilə müqayisədə yeni MK C1 əyləc sistemi təkmilləşdirilmış xarakteristikalara malikdir ki, bu sistem sürücü hiss etmədən ABS və istiqamət sabitliyini təmin edən sistemlərin maksimal effektiv işini təmin edir. Sınaq testləri əylənmə yolunun hiss ediləcək dərəcədə azaldığını, eyni zamanda qəfil əylənmə zamanı əyləc pedalına ötürülən vibrasiyaların praktiki olaraq sıfıra endiyini göstərmişdir.

Bütün gərəkli funksiyalar - əyləcin aktivləşdirilməsi və gücləndirilməsi, ABS və ESC, - artıq çəkisi standart əyləc sisteminə nisbətən 3-4 kiloqram daha az olan yığcam modulda birləşdirilmişdir. Continental mühəndisləri bu sistemin hibrid və elektrik avtomobillərinin çoxaldığı bir şəraitdə daha aktual olacağını bildirmişdirlər.

Bundan əlavə, şirkət bazarda olan mövcud tələblərə cavab vermək üçün, MK C1 sistemini effektiv rekuperasiya funksiyası ilə də təchiz etmişdir. MK C1 sistemində əyləc təzyiqi əvvəlkinə nisbətən daha yüksək sürətlə verildiyi üçün, əyləc dinamiksaını əlavə tənzimləmələr olmadan bir neçə dəfə yaxşılaşdırılmış olur. Bu əyləc sistemi ilə təchiz ediləcək ilk avtomobillərin Alfa Romeo markasının Giulia avtomobilləri olduğu da bildirilmişdir.