Formula 1 üzrə texniki təhlilin əfsanələrindən sayılan Corco Piola yeni iş qurmaq qərarına gəlib. Məşhur analitik, Formula 1 yarışlarından ilham alaraq yaratdığı yeni qol saatını buraxmaq niyyətindədir. Corco Piolanın dizayn etdiyi qol saatını ilkin olaraq Kickstarter kraundfandinq saytında əldə etmək mümkündür. Shift kolleksiyasından olan qol saatının qiyməti 315 dollar təşkil edir. Qeyd etmək lazımdır ki, belə qəbildən olan xronoqraf üçün çox yaxşı qiymətdir.
Qol saatının dizaynı yarış şinlərinin üslubunda qayışın, xronoqrafın və dörd tərtibat rənginin mövcudluğunu nəzərdə tutur. Swiss Made yazısını daşıyan xronoqraf İsveçrədə istehsal edilən yüksək dəqiqliyi ilə seçilən Rondo 5040D mexanizmi ilə təchiz edilib. Saatın sapfirdən hazırlanmış şüşəsi cızılmalara qarşı davamlıdır və gün şüaları altında işıldamır. Xronoqrafın gövdəsi isə, 316L markalı paslanmayan poladdan hazırlanıb. Kolleksiyaya daxil olan saatları qara, göy, yaşıl və qırmızı rəngdə sifariş etmək mümkündür. Xronoqrafın diametri 46,5 millimetr, qalınlığı isə 15 millimetrdir. Xronoqrafın arxa qapağında Piolanın texniki illüstrasiyaları həkk ediləcəkdir.
Bu layihədə iştirak sizə nəinki güzəştlərdən yararlanmaq, həmçinin avtoidmandan ilham alınaraq yaradılmış eksklyüziv hədiyyələrə sahib olmaq şansı verəcəkdir.
Piolanın sözlərinə görə, xronoqraf ilə avtoidman arasında ümumi cəhətlər kifayət qədərdir. “Saat və avtoidman yarışları mexaniki mühəndisliyə əsaslanır, - Corco Piola bildirib. – Mənim F1-dəki karyeram və saatlara olan məhəbbətim bu xronoqrafı yaratmağa sövq etdi. Mən öz izləyicilərimə və hər kəsə, Formula 1 yarışlarına xas olan dəqiqlik, həyəcan və gözəlliyi əks etdirən xronoqrafı hədiyyə etmək qərarına gəldim”.