Üç il bundan öncə Corvette modeli bir inqilaba imza ataraq, tarixində ilk dəfə olaraq ortamühərrikli superkara çevrilib. Ancaq qarşıda bizi daha bir əhəmiyyətli metamorfoz gözləyir: modelin hibrid versiyası yoldadır. Üstəlik, hibrid Corvette həm də modelin tarixindəki ilk tamötürməli superkar olacaqdır! General Motors konserni gələcək superkarın qış şəraitində sınaqdan keçirilən kamuflyajlı prototipi təsvir olunmuş qısa videotizeri də dərc edib.
Yavaşladılmış çəkiliş start zamanı, əvvəlcə ön təkərlərin fırlanmağa başladığı və yalnız bundan sonra arxa təkərlərin qoşulduğu görünür . Böyük ehtimalla, ön oxda akseleratorun basılmasına gecikmədən reaksiya verən ayrıca elektrik mühərriki quraşdırılıb, arxa təkərləri isə ənənəvi daxili yanma mühərriki hərəkətə gətirir.
İlkin məlumata görə, hibrid qurğunun ümumi gücü təxminən 650 at qüvvəsi olacaqdır. Bu isə, modifikasiya çeşidindəki ən güclü versiyanın 670 at qüvvəli səkkizsilindrli benzin mühərriki ilə təchiz edilmiş Corvette Z06 modelinin olacağına dəlalət edir.
Corvette hibridinin kiçik dartma batareyasına sahib olacağı (avtomobilin kütləsini çox artırmamaq üçün) güman edilir, ona görə də, superkar elektrik rejimində uzun müddət və yeyin hərəkət edə bilməyəcəkdir.
Lakin elektrik mühərriki sürətlənmənin ilk saniyələrində və döngələrdə daxili yanma mühərrikinə yardım edəcəkdir. İlkin məlumatlara görə, Chevrolet Corvette (hibridin E-Ray indeksinə sahib olacağı gözlənilir) hibridi 2023-cü ildə bazara çıxacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.