Bu günlərdə Kentukki ştatının polisi Boulinq-Grin şəhərinin küçələrində yarışan iki “avtoşu” saxlayıblar. Yeni nəsil Chevrolet Corvette superkarlarını idarə edən “avtoşların” General Motors konserninin mühəndisləri olduğu aşkar edilib.

Automobile nəşrinin verdiyi məlumata görə, GM konsernin mühəndisləri Aleksandr Tim və Mark Derkatz yol verdikləri çoxsaylı qayda pozuntularına görə polis tərəfindən saxlanılıblar. Onlar amerikan şəhərinin küçələrində əsl yarış təşkil ediblər. Buraxılış sistemləri üzrə mühəndis olan 27 yaşlı Aleksandr test avtomobilini 120 mil/saat (193 km/saat), elektron sistemləri üzrə mühəndis olan 30 yaşlı Mark isə 100 mil/saat (160 km/saat) sürəti ilə idarə ediblər.

Xatırladaq ki, Corvette modelləri Boulinq-Qrindəki zavodda istehsal edilir və şəhərdəki sürət limiti 45 mil/saat (73 km/saat) təşkil edir. Sürət həddini ikiqat aşmaqla yanaşı, polis GM mühəndislərini təhlükəli idarəetmədə ittiham edərək onları həbs edib. Cərimə meydançasına göndərilmiş sportkarlar şirkətin əməkdaşları tərəfindən götürülübdür.

İndi mühəndislər həbsxanada məhkəməni gözləməlidirlər. Onları ciddi cərimə və sürücülük hüququndan məhrum etmə cəzası gözləyir. GM konserninin nümayəndələri bu hadisədən agah olduqlarını və daxili istintaq aparalacağını bildiriblər.