İki il bundan öncə Seat markası altında el-Born konsepti bu gün Cupra Born seriya elektrokarı olaraq debüt edib. Barselonanın mərkəzində bahalı rayonun adını daşıyan elektrokar ilkin olaraq Seat brendi altında buraxılmalı idi, lakin Volkswagen konserni strategiyasını yenidən nəzərdən keçirərək, sonunda parlaq və drayver modelləri üçün nəzərdə tutulan daha gənc Cupra markasının lehinə seçim edib.
Keçən yay nümayiş etdirilmiş Cupra el-Born şou avtomobili bu seçimi bir daha təsdiqləyib. Artıq qısaldılmış Cupra Born adına sahib olan elektrokarın seriya versiyası Avropa bazarına çıxmağa hazırdır.
Avtomobilin özü iki il ərzində elə də dəyişməyib. Bu, əvvəlki kimi üzü dəyişdirilmiş və yenidən tənzimlənmiş Volkswagen ID.3 hetçbekidir – yəni, ispan markasının arxa ötürməli MEB modul platformasına əsaslanan ilk elektrokarıdır.
Cupra 4,3 metrlik uzunluğa, lakin daha aqressiv dizayna, fərqli işıq texnikasına və standart 20-düymlük təkər disklərinə (Volkswagen ID.3 standart olaraq 18-düymlük disklər ilə təklif olunur)sahib olan eyni kuzovla təchiz edilib.
Elektrokarın interyeri də azacıq dəyişdirilib. Ümumi arxitektura qorunub saxlanılıb və hətta hərəkət rejimləri düyməsinə malik olan cihazlar paneli də alman elektrokarındakı ilə eynidır. Lakin Cupra ön panelin fərqli dekoruna, mərkəzi tunelin başqa örtüyünə (stəkanaltılar rulon pərdəsinin altında gizlənir) və sükan çarxına malikdir.
İdman imicinə uyğun olaraq, salonda təkrar emal edilmiş materiallardan hazırlanan parça ilə örtülmüş və inteqrasiya edilmiş başlıqları olan yeni ön oturacaqlar quraşdırılıb. Multimedia sistemi qrafikası dəyişdirilmiş daha sanballı 12-düymlük displey ilə təklif olunur. Əlavə ödəniş qarşılığında proyeksiya ekranını da sifariş etmək mümkündür.
Texniki baxımından Cupra Born demək olar ki, donorunu tam şəkildə təkrarlayır. Məsələn, elektrokarın baza versiyası eyni 150 at qüvvəli elektrik mühərrikinə və 45 kilovat-saatlıq dartma batareyasına malikdir.
Baza versiyalı Born mpdelinin pasport üzrə yürüş məsafəsi 340 kilometrdir. İkinci variant 204 at qüvvəli elektrik mühərrikinə, 58 kilovat-saatlıq batareyaya və 420 kilometrlik yürüş ehtiyatına malikdir.
Üstəlik, Cupra elektrokarının e-Boost paketi ilə təchiz edilmiş top versiyası olacaqdır. Xatırladaq ki, Volkswagen ID.3 modelində belə versiya yoxdur. Tam ötürmədən söhbət gedə bilməz, lakin arxa oxdakı yeganə elektrik mühərrikinin gücü 231 at qüvvəsinə bərabərdir.
Xatırladaq ki, bütün versiyaların fırlanma anı (310 Nm) eynidir. Belə bir hetçbek 58 kilvat-saatlıq batareya ilə təchiz olunur və yalnız e-Boost versiyası üçün 77 kilovat-saatlıq (belə bir batareyanı Volkswagen elektrokarının ən zəif versiyası üçün də sifariş etmək olar) batareyanı sifariş etmək mümkün olacaqdır.
Bu halda, elektrokarın qət etdiyi məsafə 420-dən 540 kilometrə qədər artacaqdır. Ancaq avtomobil ağırlaşacaq və yavaş olacaqdır: "orta" tutumlu batareyası olan hetçbek 100 km/saat həddinə 6,6 saniyəyə, uzun mənzilli versiya isə 7,0 saniyəyə sürətlənəcəkdir.
Orijinal Volkswagen elektrokarı ilə müqayisədə Cupra Born yenidən tənizmlənmiş asqıya, daha iri əyləc mexanizmlərinə və daha enli ön təkərlərə, habelə stabilizasiya sisteminin idman rejiminə malikdir. DCC adaptiv asqı sistemi - opsiyadır. İki elektrokarın yükəmə qurğusu da eynidır və 125 kilovata qədər gücü olan DC terminallarına qoşulmağa imkanı verir.
Məlum məsələdir ki, idman imici olan Cupra Born modeli Volkswagen ID.3 elektrokarından bir qədər daha baha olacaqdır. Hazırda ID.3 modeli Almaniyada 31.960 avrodan (subsidiyalar nəzərə alınmamaqla) başlayan qiymətlər ilə satılır. Abunə yolu ilə elektromobillərin icarəsi sxemi də nəzərdə tutulub, lakin qiymət siyahısı sentyabr ayına planlaşdırılan istehsalın başlanmasına yaxın vaxtda açıqlanacaqdır. Cupra Born e-Boost versiyası bazara yalnız 2022-ci ildə çıxarılacaqdır.
Yeri gəlmişkən, Cupra Born elektromobilləri İspaniyada deyil, ID.3 ilə eyni zavodda - Almaniyanın Zvikkau şəhərində istehsal ediləcəkdirlər.