Kaliforniyada fəaliyyət göstərən Czinger Vehicles startapı özünün birinci və yeganə modeli olan 21C hiperkarının təbliğat kampaniyasını davam etdirir. Bu yayın əvvəlində təqdim edilmiş hiperkar, çempionluq ambisiyaları olduğunu bəyan edərək, “doğma” Laguna Seca avtodromunun yeni rekordunu qeydə almışdı. İndi isə, hiperkarın yaradıcıları daha bir uğurları ilə bölüşüblər.
Yeni uğuru əldə etmək üçün, istehsalçının komandası Texasa, Circuit of the Americas trekinə yollanmalı olub. Czinger 21C hiperkarı 5,5 kilometrlik treki 2 dəqiqə 11,33 saniyəyə qət edərək, yol avtomobilləri kateqoriyasında trekin əvvəlki rekordsmeni olan McLaren P1 hiperkarını 6 saniyə üstələyib. Rekord cəhdi 23 sentyabrda baş tutsa da, onun videogörüntüsü bu günlərdə dərc edilib. Üstəlik, şirkətdən rekord cəhdinə prototipin deyil, tam avadanlıqla təchiz edilmiş hazır avtomobilin çıxdığını qeyd ediblər. Eyni hiperkarları 2023-cü ildə alıcılara çatdıracaqdırlar.
Czinger 21C modeli oturacaqların arxasında quraşdırılmış 2.88-litrlik V8 biturbo mühərriki və ön təkərlərin hər birində yerləşdirilmiş iki elektromotor ilə təchiz edilib. Güc qurğusunun ümumi hasilatı 1250 at qüvvəsi təşkil edir. Hiperkar yeddi pilləli avtomat və tam ötürmə sistemi ilə təchiz olunur. Hiperkarın 100 km/saat həddinə sürətlənməsinə 1.9 saniyə gərəkdir. Dörddə bir mil məsafəsini hiperkar 8,1 saniyəyə qət edir. Hiperkarın yerindən 400 km/saat həddinə qədər sürətlənib tam dayanmasına 29 saniyə tələb olunur. Yeni hiperkar 80 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.