Bu avtomobil haqqında məlumat dörd il əvvəl, Renault qrupu yeni Renaulution strategiyasını təqdim edərkən peyda olub. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, Bigster konseptinin seriya versiyası yalnız indi təqdim olunub. Dacia Bigster krossoveri məşhur Duster modelindən bir pillə yuxarıda yerləşir və C SUV seqmentinin tam hüquqlu nümayəndəsinə çevrilib. Üstəlik, o, Dacia brendinin ən böyük modelidir.
Bununla belə, Bigster modelinə nəzər saldıqda, onun üçüncü nəsil Duster krossoverinin böyüdülmüş versiyası olduğunu söyləmək mümkündür. Hər iki model çoxlu küncləri, iti kənarları və rənglənməmiş plastikdən kuzov dəsti olan eyni brutal dizayna malikdir.
Vizual olaraq, Bigster kiçik qardaşından xırda cizgilərlə fərqlənir: bunlar bir qədər dəyişdirilmiş bamperlər, ön qanadlardakı örtmələr və radiator barmaqlığıdır. Arxa sütun vizual olaraq damdan qara əlavələr ilə ayrılır.
Əlavə ödəniş müqabilində ikirəngli kuzov boyanması sxemi də (istehsal Dacia modeli üçün ilk dəfə) əlşatandır. Təkər disklərinin diametri konfiqurasiyadan asılı olaraq 17-19 düym arasındadır.
Eyni zamanda, Bigster Duster modelindən 230 millimetr uzundur: onun uzunluğu 4,57 metrdir. Avtomobilin hündürlüyü 50 millimetr artırılaraq 1,71 metrə çatıb, lakin onun eni göslənilən şəkildə dəyişməyib - 1,81 metr. 2657-dən 2700 millimetrə qədər artmış təkər bazası, üç bölməli kürək (40:20:40 bölünmüş) hissəsinə malik olan ikinci cərgədə əlavə yeri təmin edib.
Bununla belə, gözləntilərin əksinə üçüncü sıra təklif edilmir: yeddi nəfərlik ucuz avtomobillər seqmentində Dacia markası Jogger universalına üstünlük verir. Bigster modelinin baqaj bölməsinin həcmi Duster modelindəki 472 litrə qarşı 667 litrdir.
Bigster modelinin salonunun ön hissəsi kiçik qardaşınınki ilə demək olar ki, eynidir. Artıq baza versiyasında sürücüyə doğru 10 dərəcə döndərilmiş 10,1 düymlük ekrana malik olan media sistemi var. Cihaz Apple CarPlay və Android Auto protokollarını dəstəkləyir və havadan yeniləmə funksiyasına malikdir.
Bahalı versiyalar naviqator, Arkamys 3D audio sistemi və simsiz enerji doldurma meydançası ilə təchiz edilirlər. Bundan əlavə, smartfonu birləşdirmək üçün dok stansiya da mövcuddur.
Dacia Duster modelindən fərqli olaraq, Bigster baza analoq cihazlar panelindən məhrum edilib: o, ölçüsü konfiqurasiyadan asılı olan virtual cihazlar paneli (7 və ya 10 düym) ilə təchiz edilir.
Müxtəlif YouClip aksessuarları üçün firma tutacaqları, akustik şüşələr və arxa cərgədə hava kanalları olan iki zonalı klimat-kontrol nəzərdə tutulub. Dacia modelləri üçün ilk dəfə olaraq adaptiv kruiz-kontrol və baqaj qapısının elektrik ötürməs təklif edilir.
Dacia Bigster krossoveri Renault qrupunun Hybrid 155 güc qurğusunu alan ilk modeli olub. O, Daster modelindəki Hybrid 140 güc qurğusu ilə eyni quruluşa malikdir, lakin 1,6-litrlik (94 at qüvvəsi, 148 Nm) atmosfer mühərrikinin əvəzinə birbaşa yanacaq püskürtməsi və startyor-generatoru olan 1,8-litrlik mühərrik (107 at qüvvəsi, 170 Nm) quraşdırılıb.
Elektrik mühərriki 50 at qüvvəsi və 205 Nm hasil edir. Muftasız və sinxronizatorsuz robotlaşdırılmış ötürmələr qutusu da eynidir: pillələr yumruqcuqlu muftalar vasitəsilə dəyişdirilir, mümkün təkanlar isə, benzin mühərrikinin dirsəkli valının fırlanma sürətini elektrik mühərriki ilə uyğunlaşdıran elektronika tərəfindən hamarlanır. Hibrid sistemin maksimal gücü 140 at qüvvəsi əvəzinə 150 at qüvvəsinə bərabərdir, dartma batareyasının tutumu isə, 1,2 kilovat/saat əvəzinə 1,4 kilovat/saatdır.
İkinci variant 1,2-litrlik turbomühərriki, startyor-generatoru və 0,8 kilovat/saatlıq batareyası olan “yumşaq” TCe 140 hibrididir. Onun ümumi gücü 140 at qüvvəsidir, transmissiya isə, alternativ olmayan altı pilləli mexaniki ötürmələr qutusudur.
Bu mühərrikin eyni güc malik olan qazla işləyən ECO-G 140 modifikasiyası da var. İkiyanacaqlı krossover 50-litrlik yanacaq çəni ilə yanaşı, 49-litrlik propan balonları ilə təchiz olunur. Bu krossoverin pasport üzrə yürüş məsafəsi 1450 kilometrdir.
Yuxarıda göstərilən bütün versiyalarda ön ötürməyə və yarı müstəqil arxa asqıya malikdirlər. Çoxqollu asqısı olan yeganə tamötürməi modifikasiya Bigster TCe 130 4×4 versiyasıdır. O, startyor-generatoru olmayan 1,2-litrlik (130 at qüvvəsi) turbomühərrikə malikdir. Transmissiya - alternativsiz mexaniki ötürmələr qutusudur. Ancaq təxminən bir ildən sonra, arxa təkərlərin fırlanmasına cavabdeh olacaq ayrıca elektrik mühərriki olan tamötürməli hibrid debüt etməlidir.
Dacia brendinin konsepsiyasına uyğun olaraq, yenilik Avropa bazarında ən münasib qqiymətə malik olan orta ölçülü krossoverə çevrilməlidir. Qiymətlər hələlik açıqlanmayıb, lakin Bigster Fransada 19 700 avrodan başlayan Duster modelindən mütləq baha olacaq. Çox güman ki, Bigster modelinin baza versiyası üçün təxminən 25 min avro istəyəcəklər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.