Renault qrupunun Dacia və Lada markalarının daxil olduğu bölməsinə rəhbərlik edən Denis le Vot, Rumıniyanın “AutoExpert” nəşrinə bölmənin yeni modelləri barədə danışıb. Le Vot, üçüncü nəsil Duster modelinin Rumıniyada hazırlanmasına baxmayaraq, avtomobilin yaradılması üzrə çalışmalara xarici mütəxəssislərin də cəlb ediləcəyini bildirib. Ümumilikdə, layihədə dörd min mühəndis və digər sahələrdə çalışan 2,7 min mütəxəssis iştirak edəcəkdir.
Həm gələcək Duster ofrouderi, həm də yeni Bigster krossoveri CMF-B modul platformasında inşa ediləcəkdirlər. 2024-cü ildən Lada avtomobilləri də bu platformaya keçəcəkdirlər. Bigster krossoveri Duster modelindən daha böyük olacaqdır: onun uzunluğu təxminən 4.6 metrə çatacaqdır. Xatırladaq ki, cari Duster modelinin uzunluğu 4.3 metrə bərabərdir.
Modellər müxtəlif mövqelərdə yerləşdiriləcəklər: Duster tam ötürməli ofrouder rolunu oynayacaq, Bigster isə hündürdə yerləşən oturacaqları və geniş salonu olan krossover kimi mövqeləndiriləcəkdir. Üstəlik, Almaniyadakı alıcıların maraqlanmasını təmin etmək üçün, Bigster modelinin dizaynı, Denis le Vot dediyi kimi, “cool” olmalıdır. Le Vot avtomobilin şəkillərini göstərməsə də, artıq yeni Duster modelinin dizaynı üzərində çalışmaların getdiyini bildirib.
Top menecer fərqli bazarlar üçün Duster modelinin altı versiyasının hazırlanacağını (söhbət avtomobili müəyyən ölkələrin şərtlərinə uyğunlaşdırmaqdan gedir) və bu avtomobillərin dörd zavodda istehsal ediləcəklərini söyləyib. Eyni zamanda, layihə rumın mənşəli hesab olunur və ona Renault Technologie Roumanie (RTR) nəzarət edəcəkdır.
İlkin məlumatlara görə, yeni Dacia Duster ofrouderi 2024-cü ildə, Bigster krossoveri isə 2025-ci ilin ilk yarısında debüt etməlidir. Həmin dövr ərzində, yeni nəsil Lada Niva modelinin də debüt etməsi gözlənilir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.