Renault Group qrupuna daxil olan Dacia brendi tezliklə Jogger Hybrid 140 modelinin satışlarına başlayacağını bildirib. Dacia Jogger Hybrid 140 modeli təkibinə 1,6-litrlik atmosfer mühərrikinə əsaslanan 140 at qüvvəli hibrid güc qurğusu ilə hərəkətə gəlir.
Krossvenin benzin-elektrik versiyasına sifarişlərin qəbuluna gələn ilin yanvar ayında başlanmalıdır. Onun mart ayında dilerlər salonlarına peyda olacağı gözlənilir. Jogger Hybrid 140 modelinin satış qiyməti 24,6 min avrodan başlayır.
Elektrikləşdirilmiş Dacia Jogger krossveni cari ilin payızında keçirilmiş Paris avtosalonunda debüt edib. Dacia markasının model xəttində ən uzun krossven olan Jogger modeli Renault Clio və Captur modellərindən tanış olan E-Tech güc qurğusunu alıb.
Qurğunun tərkibinə 90 at qüvvəli 1,6-litrlik daxili yanma mühərriki, avtomatik transmissiyanın arxasında quraşdırılmış 50 at qüvvəli elektrik mühərriki və 1,2 kilovat-saatlıq batareya daxildir. Bu, adi modifikasiyadan təxminən 40 faiz daha qənaətcil olan klassik hibriddir.
Dacia Jogger krossveni Duster krossoveri ilə CMF-B platformasını paylaşır və brend tərəfindən "C-seqmentindən olan və yolsuzluğa istiqatlənmiş ən sərfəli ailə avtomobili" kimi mövqeləndirlir. Krossven beş və yeddi yerlik versiyalarda təklif edilir.
Jogger krossveni hibrid güc qurğusu ilə yanaşı, Sandero modelindən alınmış 100 at qüvvəli ikiyanacaqlı (benzin və qazla işləyən) mühərrik, həmçinin 110 at qüvvəli 1,0-litrlik turbomühərrik ilə təklif olunur. Hər iki güc aqreqatı altı pilləli mexaniki transmissiya ilə tandemdə çalışır. Ötürmə - yalnız ön oxadır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.