Artıq xəbər verdiyimiz kimi, Renault qrupu Münhendə keçiriləcək IAA beynəlxalq avtomobil sərgisində Renault Megane e-Tech elektrokarının seriya variantını təqdim edəcəkdir. Lakin bu elektrokar fransız qrupunun yeganə yeniliyi olmayacaqdır. Qrupun tərkibinə daxil olan Rumıniyanın Dacia şirkəti Münhendə yeddi yerlik ailə avtomobilini nümayiş etdirəcəyini bildirib.

Rəsmi məlumat verilməsə də, söhbətin üçüncü nəsil Dacia Logan modelinin bazasında yaradılmış universaldan getdiyini söyləmək olar. Buna bu ilin əvvəlində casuslara rast gələn sınaq prototipləri işarə edir.

Beləliklə, Dacia birinci nəsil Logan MCV modelinin konsepsiyasına qayıtmaq qərarına gəlib. Yeni ailə avtomobili uzadılmış təkər bazasına, böyüdülmüş arxa qapılara, daha hündür tavana və üçüncü cərgənin oturacaqlarına sahib olacaqdır.

Bir sözlə yeni ailə avtomobili artırılmış tutumlu universal olacaqdır. Xatırladaq ki, ikinci nəsil Dacia Logan MCV standart təkər bazası, alçaq damı və iki oturacaq cərgəsinə malik olan adi universala çevrilmişdi.  

Rumın markasının model cərgəsində üç cərgəli Dacia Lodge kompaktveni olsa da, iki model strategiyası gözlənilən nəticəni təmin etməyib. Odur ki, ruminlar iki modeli geniş mənada universal olan biri ilə əvəzləməyə üstünlük veriblər.

Yeni Dacia Lodgy MPV modeli sentyabr ayında təqdim olunsa da, onun Avropa bazarındakı satışlarına ən tezi gələn ilin yanvar ayında başlanacaqdır. Bu avtomobil, Renaulution inkişaf proqramına əsasən, 2022-ci ildə debüt edəcək yeganə Dacia modelidir. 

Image alt Image alt Image alt

Növbəti təqdimat 2024-cü ildə keçirilməlidir – bu dəfə kütlə qarşısına Dacia Bigster krossoverinin seriya versiyası çıxacaqdır. Əlbəttə ki, üç oturacaq cərgəsi ilə…

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.