2024-cü ilin statistik nəticələrinin yekunlaşdırılması davam edir: Almaniyanın Dataforce agentliyi Avropa bazarında ən çox satılan modellərin reytinqini dərc edib. Bu siyahıda təkcə Avropa İttifaqında deyil, həmçinin İslandiya, Norveç, İsveçrə, Lixtenşteyn və Böyük Britaniyadakı satış göstəriciləri də nəzərə alınıb. Üstəlik, kiçik bir sensasiya da var: bu dəfə ilk üçlükdə bir krossover belə yoxdur! Xatırladaq ki, ötən il ilk üçlükdəki avtomobillərin ikisi krossover idi.

Əlçatan Dacia Sandero hetçbeki 2024-cü ildə inamlı qələbə qazanıb: onu 270 111 alıcı seçib. İkinci yeri daha bir əlçatan model - 216 569 nüsxəlik tirajla satılan Renault Clio hetçbeki tutub. İlk üçlüyü 50 illik yubileyini qeyd edən Volkswagen Golf modeli tamamlayır - son yeniləmə satışların 17,5% artmasına və alman modelinin yeddinci yerdən üçüncü yerə yüksəlməsinə təkan verib. O, Clio modelindən cəmi 20 avtomobil geridə qalır: cəmi 216 549 ədəd Golf satılıb.

Dördüncü yerdə bir il əvvəl Avropada mütləq lider olan Tesla Model Y krossoveri (210 484 ədəd) qərarlaşıb. Subsidiyaların ləğvi və avropalıların elektromobillərə soyuq yanaşması səbəbindən Model Y krossoverinin satışları 17,5% azalıb. İlk beşliyi yığcam Volkswagen T-Roc (203 611 ədəd) krossoveri tamamlayır: satışlar cəmi 1,5% azalıb, lakin bu, onun ötən il daxil olduğu ilk üçlüyü tərk etməsinə kifayət edib. Ola bilsin ki, T-Roc modelinin yeni nəsli onun yenidən ilk üçlüyə qayıtmasına yardım etsin. 

Nəhayət, 2022-ci ildə Avropada bestseller olan Peugeot 208 hetçbeki bu dəfə 199 820 ədəd satış göstəricisi ilə altıncı yerdə qərarlaşıb. Sonrakı yerlərdə Volkswagen Tiguan (195 297 ədəd), Toyota Yaris Cross (194 512 ədəd), Skoda Octavia (182 801 ədəd) və Toyota Yaris (180 806 ədəd) modelləri qərarlaşıblar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.