İspaniyanın km77 jurnalı yeni Dacia Spring elektromobilinin manevr qabiliyyətini sınaqdan keçirib. Rumın markasının ucuz krossoveri "sığır testində” yaxşı nəticəni göstərməyi bacarıb: Spring bu tapşırığı 77 km/saat sürəti ilə yerinə yetirərək, bir çox "yaşıl" rəqibini üstələyib.
Testlər, avtomobilin müxtəlif sürətlərdə keçməli olduğu sıra ilə düzülmüş konusların olduğu yolda aparılıb. Beləliklə, avtomobilin idarəetmə xüsusiyyətləri qəflətən qarşıya çıxan maneəni ötüb keçmə qabiliyyəti ilə yoxlanılır - məsələn, yola qəflətən sığır peyda olarsa.
İlk cəhddə hələ Dacia Spring modelinin xasiyyəti ilə tanış olmayan sürücü 74 km/saat sürəti ilə belə tapşırığın öhdəsindən gələ bilməyib. Nəticədə, yığcam krossover iki konusu vuraraq yıxıb. Sonradan avtomobillə yaxından tanış olan sürücünün ən yaxşı nəticəsi 77 km/saat həddində qeydə alınıb: doğrudur, sürücü yaxşıca “işləməli” olub - o, zolağı kəskin şəkildə dəyişdirdikdən sonra yenə də avtomobili stabilləşdirə bilib və heç bir maneəyə toxunmayıb.
Beləliklə, rumın markasının ucuz elektromobili Honda e və Seat Mii modellərindən (İspaniyada satılan Volkswagen e-Up! modelinin analoqu) daha yaxşı idarəetmə xüsusiyyətlərini nümayiş etdirib. Honda elektromobili tapşırığı 75 km/saat, Seat elektrokarı isə yalnız 70 km/saat həddində yerinə yetirməyə müvəffəq olublar.
Nəşrin jurnalistləri, hətta yüksək sürətlərdə belə elektrokarın heç bir təkərinin asfaltdan üzülmədiyini bildiriblər. Belə hallar adətən ensiz və nisbətən hündür avtomobillərin sınaqları zamanı tez-tez baş verir. Bununla birlikdə, onlar Spring modelinin elektron sistemlərini tənqid edərək, təcrübəsiz sürücünün eyni nəticəni çətinliklə əldə edə biləcəyini söyləyiblər.
Dacia Spring krossoveri İspaniyada 17.350 avroya satılır və bazardakı ən əlçatan elektrokardır. Dövlət subsidiyaları nəzərə alınmaqla, avtomobilin qiymətini 10 350 avroya qədər endirmək olar. Krossover 26,8 kilovat-saatlıq lityum-ion batareyası ilə qidalanan, 45 at qüvvəsi və 125 Nm fırlanma anı hasil edən elektrik mühərriki ilə təchiz edilir. Yığcam krossoverin yürüş ehtiyatı WLTP dövrünə əsasən 225 kilometr təşkil edir.