Bugatti şirkəti bir ay bundan öncə, Centodieci modelinin müştəriyə təhvil verilmiş ilk nüsxəsini nümayiş etdirib. Xatırladaq ki, Bugatti Centodieci modeli 10 nüsxəlik məhdud saylı tirajla buraxılacaq və onun bütün nüsxələri artır satılıb. Qeyd etmək lazımdır ki, öz hiperkarını gözləyənlər arasında məşhur futbolçu Kriştianu Ronaldu da var.
Bununla belə, bəzi hiperkar sahibləri həsrətlə gözlədikləri unikal hiperkarı satmaq qərarına gəliblər. Məsələn, bu günlərdə Almaniyanın Mobile.de saytında Centodieci modelinin satıldığı barədə elan dərc olunub.
15 yanvar 2023-cü il tarixindən əvvəl hazır olmayacaq hiperkar üçün 13 milyon avro istəyirlər. Bu avtomobilin ilkin qiymətindən beş milyon avro bahadır. Özü də, alıcı hiperkarı öz zövqünə uyğun olaraq tərtib etmək şansından məhrumdur. Eksteryerin rəngi, salon tərtibatı və başqa detallar ilk sifariş zamanı razılaşdırılıb.
Qeyd etmək gərəkdir ki, bu satışa çıxarılan ilk Bugatti Centodieci modeli deyil – fevral ayında nadir və bahalı avtomobilləri üzrə ixtisaslaşmış yapon TPE dileri 10 hiperkardan birini almağı təklif edirdi. Avtomobilə təyin edilən qiymət 12,5 milyon avro idi.
Beləliklə, Centodieci modelinin 10 alıcısından ikisi artıq avtomobildən imtina edib. Görünən odur ki, onlar əvvəlcədən avtomobili sataraq külli miqdarda xeyir əldə etməyi düşünürmüşlər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.