Amerikan Lordstown Motors şirkəti Endurance elektrik pikapının seriyaöncəsi nüsxəsini nümayiş etdirib. Model kommersiya fəaliyyəti ilə məşğul olan şəxslərə yönəldilib və dörd mühərrik ilə təchiz edilir.
Pikap rəsmi olaraq təqdim edilsə də, onun haqqında ətraflı məlumat verilməyib. Lordstown Endurance modeli xüsusi texnikaya üstünlük verən əməliyyat şirkətlərinin tələbatlarına uyğunlaşdırılıb və hər biri bir təkərdə yerləşən dörd elektrik mühərrikinə malikdir. Güc qurğularının ümumi hasilatı 608 at qüvvəsi təşkil edir. İstehsalçı pikapın 402 kilometrlik yürüş ehtiyatına malik olduğunu bildirib.
Endurance yerindən 60 mil/saat (97 km/saat) həddinə 5,5 saniyəyə sürətlənir. Maksimal sürət 128 km/saat həddində məhdudlaşdırılıb. Pikapın batareyasının 95 faizini dəyişən cərəyanlı yükləmə qurğusundan 10 saat, sabit cərəyanlı qurğudan isə 0,5-1,5 saat ərzində doldurmaq mümkündür.
Lordstown Endurance modelinin xüsusiyyətləri arasında 120 voltluq çıxış və elektrik alətlərini qidalandırmaq üçün pikapı generator kimi istifadə etməyə imkan verən enerji paylama qurğusu var. Pikapın beş il ərzində sahibinə 19 min dollar qənaət etməyə imkan verəcəyi, və daxili yanma mühərriki olan avtomobildən daha etibarlı olacağı bildirilib. Xatırladaq ki, Endurance pikapının şassi konstruksiyasında yalnız dörd hərəkət edən element vardır.
Elektromobilin satış qiyməti 52.500 dollar təşkil edir. Bu qiymətə, Lariat 4WD təchizat səviyyəsinə malik olan Ford F-150 pikapını almaq olar.