Vaxtı ilə unudulmuş, lakin uzun müddət keçdikdən sonra yenidən həyata qaytarılan kifayət qədər avtomobil markaları vardır. Bunlara misal olaraq, Hispano-Suiza, De Tomaso kimi markaları göstərmək mümkündür. Bu gün daha bir qeybə çəkilmiş markanın həyata qayıdacağı barədə bəyanat veriilib - bu, 1964-cü ildə fəaliyyətinə son vermiş Facel (Forges et Ateliers de Constructions d'Eure-et-Loir adının qısaldılmış versiyası) şirkətidir. Fransız istehsalçısı ən son modeli olan Facel 6 idman avtomobilini 1964-cü ildə istehsal edib. İndi isə, tamamilə yeni bir avtomobili - Facel V kupesini nümayiş etdirmək niyyətindədir.
Facel Vega FV1
Facel şirkəti avtomobil istehsal etməyə başlamazdan əvvəl, metal təbəqlərinə ştamplanması ilə məşğul olub. İkinci dünya müharibəsindən sonra, Métallon metallurgiya şirkəti ilə birləşən şirkət Simca, Ford, Panhard və Delahaye kimi şirkətlər üçün xüsusi kuzovları hazırlamağa başlayıb. Bu kuzovlar, əsasən kupe və kabrioletlər üçün hazırlanıb. Lakin, aprıcı kuzovların artan populyarlığı və kütləvi unifikasiyaya ilə əlaqədar olaraq, Facel bütün əsas müştərilərini itirib. Bundan sonra, şirkət öz avtomobillərini yaratmağa başlayıb.
Facel Vega Exellence
Facel Vega markasının ilk müstəqil modeli 1954-cü ildə təqdim edilən və Chrysler şirkətinin 4,5-litrlik V8 mühərriki ilə hərəkətə gələn FV1 kupesi olub. 1956-cı ildə model 5,4-litrlik aqreqatı əldə edib, şirkət isə Vega modelinin Excellence adlı dördqapılı versiyasını hazırlayıb. V8 mühərriki ilə təchiz edilən son Facel avtomobili isə, dəbdəbəli və incə Vega II modeli olub.
Fcael Vega II
1960-cı ildə şirkət, Mercedes-Benz 190SL modeli ilə eyni ölçülərə malik olan Facellia adlı sportkarının istehsalna başlayıb. Sportkarın kütləvi modelə çevriləcəyi güman edilsə də, Pont-a-Mousson firmasının uğursuz mühərriki Facel şirkətini qazancdan tamamilə məhrum edib. Bu mühərrik daim xarab olurdu və imicini qorumaq istəyən şirkət onu pulsuz olaraq yenisinə dəyişdirirdi. Bir müddət sonra Pont-a-Mousson mühərriki Volvo B18 aqreqatı ilə əvəzlənsə də, Facel yenə də Facellia modelini zərərlə satıb.
Facel Vega Facellia
Şirkətin ən uğurlu modeli, Austin-Healey 3000 modelindən götürülmüş 2.9-litrlik altısilindrli mühərriki ilə təchiz edilmiş Facel 6 olub. Hesab edilir ki, bu model şirkəti xilas edə bilərdi, lakin modelin zamanında buraxılmaması şirkətin sonunu yaxınlaşdırıb. Şirkət cəmi 44 ədəd Facel 6 modeli buraxıb və bir müddət sonra isə tamamilə bağlanıb.
İndi, 56 il keçdikdən sonra şirkət yeni model hazırlayır. Şəkillərdən də göründüyü kimi, Facel V kupesi sələflərinin ümumi nisbətlərini və şaquli işıq texnikasını qoruyub. Avtomobilin 510 və ya 550 at qüvvəsi hasil edən 6,0-litrlik V8 mühərrikini və karbon-saxsı əyləc mexanizmlərini əldə edəcəyi bildirilib. Standart versiya 100 km/saat həddinə 3,7, Performance modifikasiyası isə 3,5 saniyəyə sürətlənəcək.
Ən maraqlısı odur ki, Facel şirkətinin veb saytındakı konfiquratorda Bentley Continental GT kupesinin salonu nümayiş olunur. Bəlkə də bu təsadüf deyil və yeni Vega üçün əsas Bentley modeli olacaqdır. Qeyd etmək gərəkdir ki, şirkətin tarixində Bentley Mark VI modelinin şassisində inşa edilmiş avtomobillər olub: 1948-ci ildə Facel Cresta, 1951-ci ildə isə Cresta II modeli istehsal edilib.