Daimler AG konserni 69-cu Beynəlxalq Frankfurt avtosalonunda nümayiş etdirəcəyi yeni modellər haqqında məlumatla bölüşüb. Sentyabr ayında keçiriləcək sərgidə alman konserni beş yeni model nümayiş etdirəcək ki, onlardan da dördü elektrikləşmiş olacaqdır. Debüt edəcək avtomobillərdən biri qoşulan Mercedes-Benz hibridi, digərləri isə, EQV elektrik miniveninin seriya variantı, Smart elektrokarlarının yenilənmiş ailəsi və naməlum konsept avtomobili olmalıdır.
«Üç şüalı ulduz» stendinin baş yeniliyi barədə məlumat verilməyib. Yeganə bilinən, modelin EQ subbrendinə aid olmasıdır. Ehtimallara görə, bu avtomobil Mercedes-Benz EQS bayraqdar elektrokarının prototipi ola bilər. Bu elektromobilin prototiplərinin tez-tez ümumi istifadə yollarında peyda olması bunu söyləməyə imkan verir.
Bundan başqa, Mercedes-Benz şirkəti mövcud olan modellərdən birinin əsasında yaradılmış qoşulan hibridi nümayiş etdirəcəkdir. Daha bir yenilik EQV miniveninin seriya variantıdır ki, bu da V-Class modelinin elektrik güc aqreqatı ilə təchiz edilmiş versiyasıdır. Bundan başqa, «yaşıl» mövzunu yenilənmiş Smart EQ Fortwo və EQ Forfour cütlüyü davam etdirəcəkdir.
Ənənəvi DYM-nə sahib olan yeganə yenilik Mercedes-Benz GLB krossoverinin AMG modifikasiyası olmalıdır. Çox güman ki, alman istehsalçısı Mercedes-AMG GLB35 4Matic modelini geniş kütləyə nümayiş etdirəcəkdir. Yeri gəlmişkən, Frankfurtda Mercedes-Benz GLB modelinin Avropa debütü keçiriləcəkdir.