Çinin BYD markası ilə Mercedes-Benz şirkəti birgə hazırladıqları Denza X krossoverini təqdim ediblər. Əslində, yeni krossover başqa dizayna malik olanikinci nəsil BYD Tang modelidir. Avtomobilin kuzovuna vurulmuş «Styled by Mercedes-Benz» emblemi krossoverin dizaynı üzərində alman tərəfinin çalışdığını bildirir.
Denza X modelinin qabaritləri də BYD Tang ilə eynidir: krossoverin uzunluğu 4890 mm, eni - 1950 mm, hündürlüyü - 1725 mm, təkər bazasının genişliyi isə 2820 mm təşkil edir. Hər iki krossoverin bənzər formalara və şüşə xətlənməsinə malik olsalar da, Denza X modelinin kuzov panelləri yenidən yaradılıb. Arxada fənərləri birləşdirən işıqdiodlarından zolaq, öndə isə yayda təqdim edilmiş konseptdəkinə bənzəyən nazik LED fənərlər peyda olub.
Salonun tərtibatına da Mercedes-Benz dizaynerləri cavcabdeh olublar. Ön panelin mərkəzində multimedia sisteminin və avtomobilin funksiyalarının idarə edilməsini təmin edən iri displey yerləşdirilib. 15,6-düymlük displeyin vəziyyətini şaqulidən üfüqiyə dəyişmək də mümkündür. Bundan başqa, krossoverin təchizatına 12,3-düymlük virtual cihazlar paneli, panoram tavan, havalandırmalı ön oturacaqlar və kontur işıqlandırması daxildir.
Krossoverin oturacaqların vəziyyətini Mercedes-Benz avtomobillərində rast gəlinən qapıdakı pultlar vasitəsi ilə tənzimləmək olar. Mərkəzi tonneldə ötürmələr qutusunun coystiki, onun üzərində isə havalandırma sisteminin üç deflektoru yerləşdirilib. Dəri ilə tərtibat və ağacdan hazırlanmış dekor elementləri salona sanballı görkəm bəxş edir.
Denza X satışa iki versiyada çıxacaqdır. Birinci versiya hibriddir. Güc qurğusunun tərkibinə 192 at qüvvəli 2,0-litrlik turbomühərrik və iki elektromotor daxildir. 150 at qüvvəli elektromotor 6-pilləli preselektiv «robota» quraşdırılıb və turbomühərriklə tandemdə ön oxu hərəkətə keçirirlər. İkinci 245 at qüvvəli mühərrik arxa oxda yerləşrilib. Hibrid qurğunun ümumi hasilatı 587 at qüvvəsi təşkil edir. Hibrid krossover 100 km/saat həddinə beş saniyəyə sürtlənir. İkinci variant isə 245 at qüvvəli elektrik mühərriki ilə təchiz edilir. Elektromobil NEDC dövrünə əsasən 500 km məsafə qət edə bilər.
Denza X modelinin kütləvi debütü gələn həftə keçiriləcək Quançjou avtosalonunda baş tutacaqdır. Modelin Çin bazarındakı satışlarına gələn il başlanacaqdır.