Daimler və BYD şirkətləri 2010-cu ildən başlayaraq əməkdaşlıq edirlər. Həmin il tərəfdaşlar BYD Daimler New Technology birgə müəssisəsini də təsis etmişdilər. İki il keçdikdən sonra, tərəfdaşlar Denza birgə markasını təqdim etmiş, 2014-cü ildə isə Mercedes-Benz B-Class hetçbekinin əsasında yaradılmış elektrik Denza sedanı debüt etmişdi. Lakin başlanğıcda yeni markanın satışları heç də uğurlu olmadı və Denza 500 adlı yenilənmiş model də daxil olmaqla cəmi 14 min avtomobil satıldı.
Markanın “yenidən işə salınmasına” 2019-cu ildə start verildi və çin-alman markasının ilk modeli həm hibrid, həm də elektrik güc qurğusu ilə təchiz edilən BYD Tang krossoverinin üzü dəyişdirilmiş versiyası olan Denza X krossoveri idi. Avtomobilin dizaynına guya alman tərəfi cavabdeh idi, lakin bunu yalnız bəzi interyer elementləri xatırladır. Lakin Denza X modelinin aqibəti də əvvəlki modeli ilə eyni oldu: ilk on bir ay ərzində 4268 ədəd avtomobil satıldı ki, bu da elektrikləşmiş avtomobillərə böyük tələbat olan və dibi görünməyən Çin bazarı üçün dəryada bir damla idi.
Görünən odur ki, Daimler konserni birgə layihədən tamamilə məyusdur. Əgər, ilkin olaraq, alman istehsalçısı Shenzhen Denza New Energy Automotive şirkətinin səhmlərinin 50 faizinə sahib idisə, indi bu payı 10 faizə qədər azaltmaq barədə qərar qəbul edilib. Beləliklə, BYD şirkəti birgə müəssisənin səhmlərinin 90 faizinə sahib olacaqdır. Sövdələşmə 2022-ci ilin ortalarında başa çatdırılmalıdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.