Dallara şirkəti Stradale EXP IR8 idman avtomobilini Tribute Editions versiyasını nümayiş etdirib. “Indy 500” yarışı, avtoidmanın, dünyanın ən yaxşı pilotlarının qazanmaq istədikləri nüfuzlu “üç tacından” biridir. İndianapolisdəki əfsanəvi yarışının qaliblərindən biri də amerikalı Eddi Çiverdir - o, 1998-ci ildə “Indy 500” yarışının qalibi olub.
Amerikalı pilot bu qələbəni Team Cheever komandasının Oldsmobile mühərriki ilə təchiz edilmiş Dallara IR8 bolidində əldə edib. Məhz bu zəfərin şərəfinə Dallara şirkəti Stradale EXP IR8 avtomobilinin xüsusi modifikasiyasını hazırlayıb.
Avtomobil, XXV qrafikası (Eddi Çiverin qələbəsindən 25 il keçir) və Dallara şirkətinin “Indy 500” yarışlarındakı qələbəsini simvolizə edən 23 ulduzla tamamlanan qara və tünd-firuzəyi livreyaya malikdir.
Salonda tünd boz rəngli alkantara ilə üzlənmiş Sparco oturacaqları, xüsusi qrafikası olan cihazlar paneli, transmissiyanın sarı rəngli sülanaltı “ləçəkləri” və 1998-ci ilin yarış avtomobilinin ön panelə həkk edilmiş silueti var.
Texniki cəhətdən IR8 Tribute Editions versiyası digər Dallara Stradale EXP modellərindən heç nə ilə fərqlənmir və 500 at qüvvəli 2,3- litrlik benzin turbomühərriki və 6-pilləli sekvental ötürmələr qutusu ilə təchiz edilir.
2023-cü model ilinin Dallara Stradale yol avtomobilləri bir sıra yenilikləri əldə ediblər – təkmilləşdirmələr arasında EXP versiyasının ötürmələr qutusu, yeni əyləc sistemi və yeni interkuler də var. Sportkarı alan zaman opsional All-American paketini də sifariş etmək olar. Bu paketə 2023-cü ilin “Indy 500” yarışına eksklüziv tur daxildir. Dallara sportkar sahibinin "həftə sonunda özünü amerikalılar kimi hiss edəcəyinə" təminat verir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.