Keçən həftəsonu keçirilən İtaliya Rallisində Hyundai komandasının ispan pilotu Dani Sordo qalib gəlib. Hyundai pilotunun İtaliyada qalib gəlməsinə səbəb ralliyə liderlik edən Ott Tyanakın texniki nasazlıqla üzləşməsi olub. Şənbə günü bütün xüsusi hissələrdə qalib gəlmiş Toyota pilotu sükan gücləndiricisinin sıradan çıxmasından sonra beşinciliyə geriləyib.
Dani Sordo İtaliya Raliisində son xüsusi hissədə irəli çıxmağa müvəffəq olub. Sükan gücləndiricisi xarab olmuş Tyanak döngələri sürətlə keçə bilməyib. Ott son günü təqibçilərindən böyük fərqlə başlayıb və hətta ilk üç dopda üstünlüyünü artırmağa da müvəffəq olub. Son xüsusi hissə öncəsi Tyanakın Sordo üzərində olan üstünlüyü 26,7 saniyə təşkil edib.
Artıq qeyd etdiyimiz kimi, sükan gücləndiricisinin sıradan çıxması Tyanakın döngələrdə yavaşlamasına və iki dəqiqə itirməsinə gətirib çıxarıb. Bu nasazlıq Sordoya WRC-də ikinci qələbəsini əldə etməyə yardım edib. Rallini ikinci yerdə Teemu Suninen, üçüncü yerdə isə, final XH-də ən yeyin pilot olan və maksimum bonus xalları toplayan Andreas Mikkelsen bitirib.
Rallini beşinci bitirməsinə baxmayaraq, Ott Tyanak pilotlar birinciliyinin liderliyinə yüksəlib. O, Sebastyen Ojyeni beş, Tyerri Nyövili isə səkkiz xal üstələyir. Meksika Rallisindən bu günə qədər Ojyenin podiuma qalxmağa müvəffəq olmadığı ilk ralli İtaliya Rallisi olub. Sebin problemləri cümə günündən başlayıb - avtomobilini daşa vuran fransız pilot sükan mexanizmini zədələyib.
Keçən bazar günü doğum gününü qeyd edən Nyövil üçün də ralli uğurlu keçməyib. Rallinin birinci günü idarəetməni itirərək radiatorunu zədələyən belçikalı rallini altıncı yerdə bitirib.