Danilo Petruççi MotoGP çempionatının İtaliyada keçirilən mərhələsinin qalibi olub. O, Andrea Dovitsiozo və Mark Markesi məğlub edərək, bu çempionatdakı ilk qələbəsini əldə edib. Yarışın son dövrəsində hər iki rəqibini irəli buraxan Petruççi, əks-hücuma keçərək onların hər ikisini geridə qoyub və podiumun ilk pilləsinə qalxıb.
Pouldan start götürən Markes liderliyini qoruyub-saxlayıb. Petruççi isə onun ən yaxın təqibçisi olub. Cek Miller, Aleks Rins və Andrea Dovitsiozo da liderlər qrupuna daxil olmağı bacarıblar. Bu beşlikdə zaman-zaman dəyişikliklər olsa da, lider dəyişilməz qalıb.
Danilo Petruççi (Mission Winnow Ducati)
Yarışın bitməsin 18 dövrə qalmış Ducati pilotlarının təzyiqi faydasını verib və Markes bir neçə səhv buraxıb. Nəticədə ispaniyalı bütün rəqiblərini irəli buraxaraq, beşinciliyə geriləyib. Lakin, tez bir zamanda Markes dördüncülüyə yüksəlib. Miller uzun müddət beşinci olsa da, sonunda yıxılaraq yarışı tərk edib.
Petruççi uzun müddət liderlik etsə də, Dovitsiozo irəli çıxmağa müvəffəq olub. Petruççi isə yenidən onu keçərək son dövrəni lider olaraq başlayıb. Start düzlüyünün sonunda Markes və Dovitsiozo Petruççini xarici trayektoriya ilə keçsələr də, Petruççi döngənin daxilinə girərək birinciliyini qaytarıb.
Markesin son hücum cəhdi uğurusuz olub və finişdə iki pilotu 0,043 saniyə ayırıb. Beləliklə Petruççi vətənində finiş xəttini birinci keçərək, MotoGP-də ilk qalibiyyətini əldə edib. İkinci yer isə Markesə pilotlar birinciliyindəki mövqeyini möhkəmləndirməyə imkan verib.