Fransanın Dassault Aviation şirkətinin inşa etdiyi Falcon biznes cetləri barədə məlumat vermişik. Lakin, "Dasso" şirkəti təkcə mülki təyyarələrin istehsalı ilə kifayətlənmir - fransız istehsalçısı həm də Hərbi Hava Qüvvələri üçün döyüş təyyarələri hazırlayır. Bir çoxları Fransa və digər ölkələrin Hərbi Hava Qüvvələrində xidmət edən Mirage ("Xəyalət") qırıcıları barədə eşitmişlər. Elə həmin Mirage 2000 döyüş təyyarəsi də Dassault Aviation şirkətinin məhsuludur.

Dassault Rafale ("Qasırğa") qırıcısı dördüncü nəsil hərbi təyyarələrə aiddir. Bir çox ekspertlərin fikrincə "Rafal" qırıcısı İsveçin Saab JAS 39 Gripen təyyarəsindən sonra, Avropada bir ölkə tərəfindən yaradılıb istehsal edilən son  qırıcı təyyarə olacaqdır. Bu təyyarənin yaradılması tarixi keçən əsrin 70-ci illərinə təsadüf edir. O zaman, Fransa HHQ-ləri ACT qırıcı-bombardmançı təyyarəsinin, dənizçilər isə ACM göyərtə qırıcısının layihəsini nəzərdən keçirirdilər. Lakin, təyyarənin yaradılmasına xərclənən vəsaitə qənaət etmək məqsədi ilə, hərbiçilər vahid tələbləri hazırlamağa və birlikdə müsabiqə elan etmək qərarına gəlmişdilər.

Mütləq tələblərdən biri təyyarənin 24 saat ərzində, istənilən hava şəraitində istismar edilməsi və havada, yer üstündə və dənizdəki hədəflər ilə mübarizə aparmaq kimi geniş spektrdə məsələlərin həll olunması idi. O zamanlar, Fransa HHQ-də bu tapşırıqları yerinə yetirməyə qadir olan müxtəlif növ təyyarələr var idi: Sepecat Jaguar, Mirage F1CT və Dassault-Breguet Super Etandard qırıcı-bombardımançıları, Mirage 2000, Miraje F1C və Chance-Vought F-8P Crusader qırıcıları, Mirage F1CR və Etandard IV PM kəşfiyyatçıları və nüvə silahını daşıyan Mirage 2000N.

Gələcək təyyarə istifadə müddəti ərzində aşağı istismar xərclərinə, planer və güc qurğusunun artırılmış resursuna malik olmalı, həmçinin asan texniki xidməti təmin etməli idi. Belə təyyarənin yaradılması xərclərini azaltmaq üçün Avropa firmalarının güclərini birləşdirməsi gərək idi. Lakin, Fransa, Böyük Britaniya, Almaniya və İtaliya arasında "avroqırıcının" yaradılması üzrə bağlanılmış müqavilə ciddi problemlərlə üzləşmişdi: tərəflər təyyarənin qalxış çəkisi barədə razılığa gələ bilmirdilər. Fransa aviadaşıyıcı gəmilərdə istifadə etmək üçün qalxış çəkisi 9 ton olan təyyarə istəsə də, digər ölkələr  10 tondan yuxarı qalxış çəksinə malik olan təyyarə arzulayırdılar.  

Dönən üfüqi kanardlar, təyyarənin manevr qabiliyyətini artırmaq üçün, əsas qanadların qarşısında yerləşdiliir

Nəticədə Fransa ayrılaraq özü yolu ilə getməyi seçdi, digər ölkələr isə, Eurofighter Typhoon qırıcısının yaranmasına gətirib çıxaran ittifaqı təşkil etmiş oldular.

1985-ci ilin dekabrında Dassault Aviation şirkətinin Sen-Klodakı müəssisəsində aviakonstruktor Marsel Dassonun iştirakı ilə tamamilə ağ rəngə boyanmış Rafale A təyyarəsinin ilk nümayişi keçirildi. 4 iyul 1986-cı ildə isə təyyarə ilk dəfə olaraq səmaya qalxdı.

Konstruksiya

Rafale qırıcısı, Dassault Aviation şirkətinin "Ördək" ləqəbini almış ənənəvi aerodinamik sxeminə uyğun olaraq hazırlanmışdır. Bu sxemə görə, təyyarə ön tərəfdə yüksəkdə yerləşdirilmiş üfüqi dayaqlara ("canard"), ortada yerləşdirilmiş üçbucaq şəklində qanadlara və fuzelyajın arxa hissəsində quraşdırılmış iki mühərrikə sahib olmalıdır. Şaquli dayaq tək kildən ibarətdir. Təyyarənin konstuksiyasında kompozit materiallardan geniş istifadə olunub.

Dassault Aviation şirkətinin mühəndisləri, tənzimlənməyən hava girişləri və hava əyləc lövhələri olmayan və bununla da texniki xidməti asanlaşdıran qırıcını yaratmağa müvəffəq olublar. Eyni zamanda, fransız şirkəti bir sıra texniki yenilikləri tətbiq edib: məsələn, işçi təzyiqi 350 kq/sm2 olan təkrarlanan  hidravlik sistem, həmçinin istismar etibarlılığını və təhlükəsizliyini artırmağa imkan verən dəyişən tezlikli generatorlar. Hal-hazırda, bu yeniliklərdən ikigöyərtəli uzunmənzilli Airbus A380 təyyarəsində istifadə edilir.

Fransa hərbiçiləri Rafale çoxməqsədli qırıcısını biryerli Rafale C ("chassuer" - fransızcadan tərcümədə "qırıcı") və ikiyerli Rafale B ("biplace" - "iki yerli») modifikasiyasında olmasını tələb edirdilər. Rafale M isə aviadaşıcı gəmilərdə istismar üçün nəzərdə tutulan biryerli göyərtə qırıcısıdır. İkiyerli variant da Hərbi Dəniz Qüvvələrində xidmət keçir və bu modifikasiya Rafale N adlanırdı. Lakin sonradan onun adı Rafale BM-ə dəyişdirilmişdi. Bu təyyarə nüvə silahını daşımaq üçün nəzərdə tutulub.   

Mirage 2000 qırıcısı kimi, "Rafalın" da əməliyyat şəraitində NATO standartlarına cavab verməsi lazım idi. Buna görə də, mühəndislər təyyarənin konstruksiyasını NATO STANAG standartlarına uyğun yaradıblar - istehsal olunan bütün Rafale qırıcıları tamamilə NATO sisteminə inteqrasiya ediliblər. Məsələn, qırıcının radio avadanlığı HaveQuick müdafiə sistemi ilə uyğunlaşdırılıb, uçuş zamanı yanacaqdoldurmanı həyata keçirmək üçün nəzərdə tutulan avadanlıq, NATO tərəfindən qəbul edilmiş xortum-konus tipli yanacaq sistemi ilə birləşməyə imkan verir. İdentifikasiya və Nazaslıqlar barədə Məlumat Bölüşmə Sistemi (MIDS-LVT) də NATO mütəxəssislərinin köməyi ilə hazırlanmışdır. "Rafalın" NATO ölkələrində istifadə olunan təyyarə silahlarını daşıya bilməsi üçün, 14 xarici asma qurğusunun hamısı müvafiq standartlara cavab verir.

Dassault Rafale tərkibinə RBE fazalı anntena barmaqlığı (FAB), 2012-ci ildən bəri isə RBE2 aktiv fazalı antenna barmaqlığı (AFAB) olan optik nişanalma sistemi (ONS) ilə təchiz edilir. Eyni zamanda, qırıcı Thales SPECTRA xəbərdarlıq sistemi ilə də təchiz olunmuşdur ki, bu kompleksin tərkibinə lazer şüalanması, radar şüalanması, kildə yerləşdirilən 2 passiv infraqırmızı sensordan ibarət olan DDM-NG (2012-ci ildən bəri) raket hücumu barədə pilotu məlumatlandıran xəbərdarlıq sistemləri daxildir. DDM-NG sistemi infraqırmızı diapazonda sferik bir görüntü əldə etməyə imkan verir. 

Hava kanalları S şəklində hazırlanır və kompressor kürəklərini ekranlaşdırır ki, bununla da təyyarənin effektiv səpələnmə sahəsinin (ESS) azalmasını təmin edilir.

Mühərrik

İlk Rafale A təcrübə-sınaq təyyarəsi F404 mühərriklərində sınaqdan keçirilmişdi. Lakin, sonradan qırıcı SNECMA firmasının istehsalı olan M88-2 mühərriki ilə təchiz edilməyə başlayıb. M88 mühərrikinin yaradılmasına 1986-cı ildə başlanmış və təxminən 8.5 milyard franka (təxminən 1.5 milyard avro) yaxın vəasit xərclənmişdi. Mühərrik 1996-cı ildən bəri istehsal olunur və 4-cü nəsil qırıcılar üçün nəzərdə tutulmuş texniki tələblərə cavab verir.

M88 forsaj kamerası olan iki vallı, iki konturlu turboreaktiv mühərrikidir. Mühərrik, 3-pilləli aşağı təzyiq kompressorundan (ATK), 6-pilləli yüksək təzyiq kompressorundan (YTK), titan ərintilərindən hazırlanmış kürəklərdən, saxsı tozu çilənmiş dairəvi yanma kamerasından və turbinin qarşısında +1580°C qaz istiliyindən, yüksək təzyiqli turbinlərdən (bir pilləli), tək pilləli aşağı təzyiqli turbinlərdən, forsaj kameralarından və çxış borularından ibarətdir. İdarə etmə - FADEC nəzarət sistemidir. Vahidlərin qutusu aşağıda yerləşir. Turbinin monokristal kürəkləri toz texnologiyası ilə hazırlanmış disklərdən ibarətdir. Mühərriklər, 2 raket və asılan yanacaq çənləri (AYÇ) ilə birlikdə səsdən yüksək kreyser sürəti ilə uçuşu təmin edir.

Modifikasiyalar

2012-ci ilin fevral ayından etibarən şirkət aşağıdakı təyyarəni növbəti modifikasiyalarda təklif edir: Rafale C, Rafale B, Rafale M və Rafale N.

ACM layihəsi (Avion de Combat Marine) çərçivəsində hazırlanmış təkyerli çoxməqsədli göyərtə qırıcısı olan Rafale M təyyarəsi 12 dekabr 1991-ci ildə ilk uçuşunu edib. Bu modifikasiyanın əsas fərqi, strukturun 750 kiloqram artan kütləsi, şassinin möhkəmləndirilmiş Messier-Bugatti dayaqlarıdır. Digər fərqlər arasında 14 əvəzinə 13 asma vahidi və 2000 kiloqram azaldılmış qalxış çəkisidir. Standart F1 modifkasiyasına malik olan Rafale M 2000-ci ilin dekabr ayında istifadəyə verilib və 2004-cü ildə tam döyüş hazırlığına çatıb.

2006-cı ilin ortalarından etibarən Standart F2 modifikasiyalı təyyarələr Fransa Hərbi Dəniz Qüvvələrinin arsenalına daxil olmağa başlayıb. Onlardan Fransa Hərbi Hava Qüvvələrinin qırıcıları kimi, Əfqanıstanda "Məğlubedilməz Azadlıq" əməliyyatı zamanı istifadə edilib.

Dassault Rafale Fransa ilə yanaşı, Qətər, Misir və Hindistanın HHQ-də xidmət aparır.

Idarəetmə sistemi

Qırıcı tərkibinə geniş bucaqlı istilik-pelenqasiya sensoru və uzun fokuslu iştilik vizoru ilə birləşdirilmi. lazer məsafəölçəni daxil olan optoelektronik ön görünüş sistemi OSF (Optronique Secteur Frontal) ilə təchiz edilmişdir. Optoelektronik sensor blokları füzelajın ön hissəsində, fənərin qarşısında, lakin pilotun irəli-aşağı baxmasına mane olmayan məkanda yerləşdirilmişdir.

Sistem forsajla uçan düşməni 80 kilometr məsafədə aşkar etməyə, 50 kilometrə qədər olan məsafədə identifikasiya etməyə və 30-40 kilometr arasında məsafədə hədəfə qədər olan uzaqlığı təyin etməyə qadirdir. 0FS vasitəsi ilə eyni vaxtda 10-a qədər hava hədəfinin müşayət etmək və onların səkkizini prioritet üzrə "sıralanması" həyata keçirmək mümkündür.

Təyyarədə quraşdırılmış SPECTRA (Self-Protection Equipment to Counter Threats for RAFALE Aircraft) özünü müdafiə kompleksinə radar və lazer şüalanması detektorları, raket yaxınlaşmasını aşkar edən sensor (infraqırmızı diapazonda işləyən), istilik, optoelektronik və saxta hədəfləri yayan sistem, habelə rəqəmsal idarəetməsi olan aktiv radar yayındırma sistemi daxildir.

Naviqasiya-pilotaj avadanlıqlarına lazer giroskoplarından istifadə edən SAGEM Sigma RL90 inersial naviqasiya sistemi (Rafale M təyyarəsində, Telemir SAT interfeysi vasitəsi ilə aviadaşıyı gəminin inersial naviqasiya sistemi (İNS) ilə əlaqə qurur), NAVSTAR peyk naviqasiya sistemi qəbuledicisi, ILS/MLS və V0R/DME sistemlərini, Tomcoh-CSF NC-12E Tacan qısa mənzilli naviqasiya sistemini, Thomson-CSF / CNI radio altimeter və SFIM / Dasso Elektron qeyd sistemini birləşdirən SOCRAT TLS-2000 radio naviqasiya sistemi, həmçinin SFIM/Dassault Eelctronis qeydiyyat sistemi daxildir..

Pilot kabinası geniş bucaqlı Sextant Avionique STN3022 (20 x 20 dərəcə) proyeksiya sistemi (PS) ilə təchiz edilmişdir. Taktiki vəziyyət sisteminin 8x8 düymlük rəngli LCD displeyi ön panelin mərkəzində, birbaşa PS-nin altında yerləşir və ərazinin rəqəmsal xəritəsi fonunda taktiki və naviqasiya vəziyyətini nümayiş etdirmək üçün istifadə olunur.

Sextant Avionique şirkətinin iki çoxfunksiyaslı LCD displeyi (4x4 düymlük), əsas bort sistemlərinin vəziyyəti, yanacaq təchizatı, oksigen və s. haqqında məlumatı əks etdirir.

Gələcəkdə, pilotun dəbilqəsi quraşdırılmış Sextant/Intertechnik 0PSIS nişangah-indikatoru ilə təchiz ediləcəkdir. Bundan əlavə, kabində davamlı nitq dekoderi olan səslə idarəetmə və Sextant Avionique siqnalizasiya sistemləri də mövcuddur.

Füzelyajın altında, PDLCT-TV naviqasiya televiziya avadanlığının, FLIR istilik görüntüləmə avadanlığının, kəşfiyyat konteynerləri, habelə lazım gələrsə Rafale-dan “uçan tanker” kimi istifadə etməyə imkan verən universal havada yanacaqdoldurma qurğusu olan konteynerin quraşdırılması da mümkündür. Füzelyajın və qanadların altında iki aktiv radardan yayınma konteyneri də quraşdırıla bilər.

Silahları

Rafale qırıcı təyyarəsi quraşdırılmış 30 mm-lik DEFA M791B topu ilə təchiz edilmişdir. Bundan əlavə, 30 mm-lik iki topdan (600 mərmilik döyüş sursatı olan) ibarət olan konteyner füzelyajın altında quraşdırıla bilər.

Xarici asmaya quraşdırılan döyüş yükünün kütləsi 6000 kiloqrama çata bilər (yenidən yükləmə variantında - 8000 kiloqram). Rafal M-də 7-8 orta mənzilli MICA hava hücumundan müdafiə raketi və iki Magic 2 qısa mənzilli hava döyüş raketi yerləşdirə biləcək 13 xarici asma qurğusu vardır. Gələcəkdə təyyarə 9-10 ədəd radar və ya infraqırmızı istiqamətləndirmə funksiyası olan MICA raketləri ilə də təchiz edilə bilər.

Gəmi əleyhinə silahlar (Block F2 təyyarəsindən başlayaraq) dörd ədəd Exocet AM39 raketindən ibarətdir.

Yerdəki hədəfləri (Block F2 ilə) vurmaq üçün silahlanma kompleksinə lazer yönləndirməli, idarəolunan AS-30L raketləri (dörd ədəd qədər) daxil edilə bilər. Təyyarələrin NATO standarlarına cavab verən idarəolunan "Maverick" (dördə qədər), HARM və ALARM (beşə qədər) raketləri ilə təchiz edilməsi də nəzərdə tutulur.

Block F3-dən başlayaraq, "Rafalın" əsas zərbə silahı dəmir yollarını məhv etmək üçün nəzərdə tutulmuş SCALP taktiki qanadlı raketi olacaqdır. Rafal təyyarəsinin ASMP-A strateji qanadlı raketinin daşıyıcısına çevrilmək şansı da var.

Rafal (Block F2) təyyarəsi gələcəkdə fransız istehsalı olan yarımaktiv lazer nişanı ilə təchiz edilmiş üç ədəd 1000 kiloqramlıq, yaxud beş ədəd 400 kiloqramlıq yönləndirilən aviabombaları (YAB), eləcə də amerikan istehsalı olan GBU12 (beş) və ya GBU10 (üç) YAB-ları da götürmək imkanına malik olacaqdır..

İdarəolunmayan silahlar (İOS) siyahısına 250 (20-dək) və ya 400 kiloqramlıq (10-a qədər) aviabombalar, Beluga bomba kasetləri (10-a qədər), Durandal raketləri (16-ya qədər) və ya Bap100/Bat120 bomba bağlaması (altıya qədər) olan sursatlar var. Silahlar siyahısına 2-4 ədəd İOR də daxil ola bilər.

Texniki-uçuş xarakteristikaları:

Modifikasiya: Rafale M

Qanadların genişliyiI 10,80 m

Təyyarənin uzunluğu: 15,27 m

Təyyarənin hündürlüyü: 5,34 m

Qanadın sahəsi: 45,7 m2

Çəkisi, kq

Boş: 10.406

Normal qalxış: 18.500

Maksimal qalxış: 22.500

Yanacaq, kq

Daxili: 4.500

Asma: 7.500 

Mühərrik: SNECMA M88-2, 2 ədəd

Maksimal dartma, Kh

Nominal: 2x73,23

Forsaj: 2x92,90

Maksimal sürət, km/saat

Yerə  yaxın: 1.350

Hündürlükdə: 1.900

Praktiki mənzili, AYÇ olmadan: 2.000 km

Döyüş radiusu, km

Bombardımançı: 1.055

Qırıcı: 1.760

Maksimal qalxma sürəti: 19.800 m/dəq

Praktiki tavan: 16.765 m

Maksimal istismar yüklənməsi: 9g

Heyət: 1-2 nəfər

Silahı: bir 30 mm-lik GIAT M30/719B topu 

Döyüş yükü: 13 asmada 9.500 kq