Datsun şirkəti Dehli şəhərində keçirilmiş tədbirdə Hindistan bazarında satılacaq redi-GO modelini təqdim etmişdir. Yeni hetçbek, Hindistan bazarı üçün nəzərdə tutulmuş digər avtomobilin - Renault Kwid modelinin istehsalında istifadə edilən CMF-A platformasında hazırlanmışdır. Datsun redi-GO modelinin başlıca xüsusiyyətinin 185 millimetrlik klirensi olduğu bildirilir. Bununla belə, istehsalçı avtomobilin ölçüləri barədə heç bir məlumat verməmişdir.
Datsun redi-GO ilə eyni platformada yığılan Renault Kwid modelinin qabarit uzunluğu 3679 millimetr, eni - 1579 millimetr, hündürlüyü - 1478 millimetr, təkər bazası isə 2422 millimetr təşkil edir. Avtomobilin klirensi 180 millimetrə bərabərdir.
Datsun redi-GO avtomobilinin dəqiq texniki və dinamik göstəriciləri də açıqlanmamışdır. Bilinən odur ki, yeni avtomobil 800 kub santimetr iş həcmi olan üç silindirli mühərriklə hərəkətə gəlir. 54 at qüvvəsi və 74 Nm fırlanma anı olan güc aqreqatı beş pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışır.
Dərc edilmiş təsvirlərdən göründüyü kimi, avtomobilin baza təchizatına kondisioner, kiçik ekranı olan multimedia sistemi və elektrik şüşəqaldıranları daxildir.
Renault Kwid modeli üçün təklif edilən bahalı əlavə avadanlığın - rəqəmsal spidometri olan cihazlar paneli və ya rəngli ekranı olan multimedia sisteminin Datsun redi-GO modelinin avadanlıqlar siyahısına daxil edilib-edilmədiyi məlum deyildir.
Datsun redi-GO modelinin Hindistandakı satış qiyməti Renault Kwid modelindən aşağı olacaqdır.
Təsdiqini tapmamış məlumata əsasən, avtomobilın 250 min rupiyə (5700 manat) satılacağı söylənilir. Məlumat üçün bildiririk ki, Renault Kwid 262 min rupiyə (6000 manat), Maruti Alto isə 256 min rupiyə (5870 manat) təklif edilir.