2018-ci il mövsümündən başlayaraq Major League Soccer (MLS) çempionatında çıxış edən amerikan “DC Uinited” futbol klubuna məxsus olan stadion “Audi Field” adlandırılacaqdır. On illik müddətə imzalanmış bu saziş, MLS çempionatında bağlanmış üç ən bahalı sövdələşmələrdən biridir.

Bununla belə, hər iki tərəf imzalanmış sazişdən məmnun olduqlarını bildirmişdirlər.

Qeyd etmək lazımdır ki, Audi markası eyni zamanda MLS fubol liqasının sponsorudur. Audi Field stadionunda futbol matçları ilə yanaşı müxtəlif mədəni və idman tədbirləri keçiriləcəkdir. Stadion iyirmi min tamaşaçını qəbul etmək iqtidarındadır. Audi və DC United arasında imzalanmış müqavilənin dəyəri açıqlanmamışdır. Hal-hazırda MLS çempionatında ən bahalı sövdələşmə Kaliforniya bankı ilə “Los-Angeles Galaxy” futbol klubu arasında imzalanmış müqavilədir ki, bu sövdələşmənin şərtlərinə görə futbol klubu hər il 6,6 milyon dollar alır. Audi brendinin daxil olduğu Volkswagen konserni dizel qalmaqalından sonra idman sahəsindəki sponsorluq fəaliyyətini bir qədər azaltmışdır. Buna baxmayaraq, Audi şirkəti MLS  liqasına sponsorluq etməyə və Şimali Amerka bazarında ekspansiyanı genişləndirmək üçün marketiqə vəsait qoymaqda davam edir. 

Xatırladaq ki, Audi markası 2002-ci ildən “FC Bayern Munchen” futbol klubunun sponsorudur.

Major League Soccer liqası Amerika Birləşmiş Ştatlarında və Kanadada mövcud olan futbol liqaları arasında ən yüksək liqa hesab edilir. ABŞ-ın Futbol Federasiyası tərəfindən dəstəklənən liqada 22 komanda çıxış edir. Bunlardan 19 komanda Amerika Birləşmiş Ştatlarını, qalan üç komanda isə Kanadanı təmsil edir. MLS liqasının daimi çempionatı mart ayından oktyabr ayına qədər keçirilir və hər bir komanda 34 matçda iştirak edir. On iki komanda noyabr-dekabr aylarılnda keçirilən play-off turnirində iştirak edir. Liqanın çempionu isə MLS Kuboku adlanan final oyununda müəyyən edilir.