Hyundai şirkətinin iki muftalı robotlaşdırılmış ötürmələr qutusu üzərində çalışdığı barədə məlumat vermişdik. Bu günlərdə buna əyani sübut da peyda olub.
YouTube kanalındakı Carspotter Jeroen adlı istifadəçi “qaynar” Hyundai Veloster N hetçbekinin Nürburqrinqin “Yaşıl cəhənnəm” adlandırılan hissəsində DCT “robotu” ilə təchiz edilmiş modifikasiyasının sınaqlarından əldə edilmiş görüntüləri dərc edib. Məlumdur ki, “qaynar” Hyundai i30 N və Veloster N hetçbekləri 6-pilləli mexaniki qutu ilə təchiz edilir.
Adi insanın reflekslərinin üzərində olan pillələrin dəyişdirilməsi çevikliyi yalnız iki muftalı robotlaşdırılmış qutuya məxsus ola bilər. Videodakı avtomobilin ötürmələrinin həyata keçirilməsi yeyinliyi onun məhz belə “robotla” təchiz edildiyinə işarə edir. Digər tərəfdən, dayanmış hetçbekin hərəkətə başlamasından əvvəl arxa ötürmə işıqlarının yanması da buna sübut ola bilər.
Hyundai Veloster N heçbeki 275 at qüvvəsi və 353 Nm fırlanma anı hasil edən 2,0-litrlik dörd silindrli turbomühərrik ilə təchiz edilir. Hyundai Veloster N modelinin güc aqreqatı gücləndirilmiş muftası və qısaldılmış qolu olan altı pilləli mexaniki sürətlər qutusu ilə tandemdə çalışır. Modelin təchizatına idman xarakteristikalarına malik olan sükan idarəetməsi və elektronika ilə idarələnən asqı sistemi daxildir. Hetçbek beş rejimi (Normal, Sport, N, Eco və N Custom) olan N Grin Control sisteminə sahibdir.