Bu gün sizi Dassault Avaiaton şirkətinin flaqman biznes-ceti olan Falcon 8X modeli ilə tanış etmək istəyirəm. Dassault şirkəti biznes aviasiya sahəsində Bombardier və Gulfstream Aerospace şirkətlərindən sonra üçüncü yeri tutur. Əslində, 1929-cü ildə Marsel Blox (Dasso) tərəfindən yaradılmış şirkət təkcə biznes-cetlərin istehsalı ilə məşğul olmur.
Dassault şirkəti eyni zamanda kosmik aparatların (məsələn, peyklərin) hazırlanması, regional təyyarələrin istehsalı və onlara xidmət, həmçinin aerokosmik müdafiə sistemlərini istehsalı ilə məşğuldur. Sonunculara misal olaraq, məşhur Dassault Mirage 2000 və çoxməqsədli Dassault Rafale qırıcı təyyarələrini, həmçinin Dassault nEUROn bombardımançısını göstərmək olar.
Yuxarıda qeyd etdiyim kimi, Dassault Aviation şirkəti biznes-cetlər bazarının 29 faizinə sahibdir. Şirkətin ümumi istehsal həcminin 71 faizini isə Falcon biznes-cetləri təşkil edir. Bu ailənin flaqmanı isə Falcon 8X layneridir.
Heç kimə sirr deyil ki, təyyarədə olan hər bir şəxs üçün, uçuş təhlükəsizliyi və rahatlığı əsas meyardır. Bu səbəbdən də, bütün təyyarə istehsalçıları yeni istehsal etdikləri hər təyyarədə bu göstəriciləri maksimal dərəcədə təkmilləşdirib, müvəqqəti olsa da, birinciliyə yüksəlməyə çalışırlar. Məşhur Falcon 7X modelindən törəmiş yeni 19 yerlik reaktiv biznes-cet, 1 metr uzadılmış 13 metrlik kabinə sahib olub və indi o, Falcon ailəsində ən böyük (48 m3) fuzelaja malik olan təyyarədır.
Falcon 8X-də olan sərnişin salonu, ənənəvi olaraq istirahət zonası və uçus heyəti üçün ayrıca tualetə, salonun ön hissəsindəki mətbəx otağı və quyruqdakı tamölçülü tualeti olan üç hissəyə bölünür. Eyni zamanda, Dassault, opsional duş otağı da daxil olmaqla, 30-dan çox daxili tərtibat variantını təklif edir.
Şirkətin dizaynerləri divarlar və mebel üçün yalnız yüksək keyfiyyətli tərtibat materiallardan yararlanaraq, dəbdəbəli sərnişin salonunu yaratmaq üçün əllərindən gələni ediblər: açıq çalarlar ilə tünd arakəsmələr və mebel detallarının vəhdəti biznes-cetlərin salonlarında yeni bir tendensiya deyil.
Bu, sevindirməyə bilməz: uçuş zamanı sərnişinlərin gözləri yorulmur və laynerin salonu isə yüngül, havalı və daha geniş görünür. Rahatlığın və praktikliyin möhtəşəm kompozisiyası rəqəmsal texnologiyaların möcüzələri ilə tamamlanır - plazma məlumat panellərindən tutmuş fərdi interaktiv monitorlara qədər. İnanın, belə bir atmosferdə uzun müddət qalmaq istəyirsən!
Pilotların kabinəsinə baxsanız, SVS (Synthetic Vision System) və EVS (Enhanced Vision System) funksiyaları olan Honeywell Primus Epic avionikasına əsaslanan Dassault EASy kompleksinin ən son versiyası, eləcə də sol oturacağın üstündəki şüşədəki kollimator ekranı (ikinci pilot üçün HUD şirkətin planlarında var), son nəsil FMS (Flight Management System) sistemini və əlbəttə ki, rəqəmsal uçuşa nəzarət sistemi ilə tanış olacaqsınız.
Ən əsası isə, yeni Falcon 8X ceti FL510 eşelonunda uçmaq üçün sertifikatlaşdırılmışdır. Bununla belə, 41.000 fut hündürlükdə kabinədəki təzyiq dəniz səviyyəsindən 1200 metr yüksəklikdəki kimi olacaqdır.
Təkmilləşdirilmiş daxili göstəricilər ilə yanaşı, yeni Falcon 8X öz uçuş məsafəsini də artırıb. Əfsanəvi Falcon 7X ilə müqayisədə yeni laynerin uçuş məsafəsi 925 kilometr artaraq, 11.945 kilometrə çatıb. Beləliklə, Falcon 8X, təkmilləşdirilmiş Pratt&Whitney Canada PW307D mühərrikləri (Falcon 7X-in PW307A ilə müqayisədə 5% daha çox dartma qüvvəsinə malikdir) və Falcon 7X-in yenidən işlənmiş ultra effektiv qanadları sayəsində fransız istehsalçısının ən uzunməsafəli ceti olub.
Qanad, kreyser sürətində müqaviməti minimuma endirmək və çəkini 600 funt azaltmaq üçün yenidən işlənmişdir. Ayrıca, qanad optimallaşdırılmış profilə və ucluqlara malik olub.
Bu təkmilləşdirmələr qaldırma qüvvəsini artırmış və müvafiq olaraq, təyyarənin aerodinamik göstəricilərini xeyli yaxşılaşdırmışdır. Yeni Falcon 8X daha az sabit olub ki, bu da aerodinamika üçün yaxşıdır -çünki daha kiçik quraşdırma bucağı olan üfüqi bir stabilizator da müqavimət mənbəyidir. Bununla belə, nisbi qeyri-sabitlik kompüter idarəetmə sistemi tərəfindən asanlıqla kompensasiya olunur. Yeni təyyarənin daha bir üstünlüyünü - onun uçuş və eniş xüsusiyyətlərini də qeyd etmək gərəkdir:
Falcon 8X 6000 fut (1829 metr) uçuş-enmə zolağına eniş qabiliyyətinə malikdir və 106 dəniz mili eniş sürətinə (197 km/saat; Falcon 7X-də 104 dəniz mili) malikdir. Falcon 7X kimi, yeni təyyarə də altı dərəcəyə qədər dikliyi olan yaxınlaşmaları həyata keçirməyə qadirdir ki, bu da ona mürəkkəb hava limanlarına enməyə imkan verəcəkdir. Bu, şübhəsiz ki, böyük bir üstünlükdür.
Dassault Aviation şirkəti, mübaliğəsiz, müasir təyyarə istehsalında trend yaradan istehsalçılardan sayıla bilər. Fransız gurunun şərəfli tarixinin növbəti səhifəsini açan Falcon 8X isə, kütləvi satışlara imza atmağa müvəffəq olub. Bu da, fransız istehsalçının daha bir təyyarə ilə ultra uzunməsafəli sinifdə gərgin yarışda iştirak etdiyini və əlbəttə ki, favorit olduğunu göstərir.