Bu gün Mazda şirkəti Amerikada satılacaq flaqman krossoverini – CX-90 modelini təqdim edib. Klassik quruluşlu platformaya əsaslanan dəbdəbəli Mazda CX-90 modeli yeni Large Product Group premium ailəsinin ikinci modelidir. Keçən yazda şirkət Yaponiya, Avropa və Avstraliya bazarları üçün nəzərdə tutulmuş Mazda CX-60 krossoverini təqdim edib, indi isə, yapon markasının amerikan bazarı üçün hazırlanmış ən böyük avtomobil - flaqman rolunu almış tamölçülü üçsıralı Mazda CX-90 krossoveri işıq üzü görüb.
Şirkət bayraqdar krossoverinin ölçülərini açıqlamayıb, lakin şübhəsiz ki, onun uzunluğu beş metrdən çox olacaqdır. O, Mazda CX-9 modelini əvəzləyəcək və sələfindən nəzərəçarpacaq dərəcədə böyük olacaqdır.
Ön tərəfdən tutmuş arxa dayağa qədər Mazda CX-90 krossoveri demək olar ki, CX-60 modelini təkrarlayır: yalnız bamperlər fərqli dizayna malikdirlər. Üstəlik, flaqman daha şişkin qanadlara və genişləndirilmiş xrom dekora sahib olub. Kuzovun arxa hissəsi tamamilə özünəməxsusdur: təkər bazası və arxa kuzov çıxışı artırılıb, habelə şüşələnmə sahəsi genişləndirilib. Diaqonalı 21 düymə qədər olan təkər diskləri təklif olunur.
İnteryer də eyni məntiqlə yaradılıb: CX-90 və CX-60 modellərinin ön hissəsi eynidir. Cihazlar paneli tamamilə virtualdır, media sistemi isə, diaqonalı 10,25 və ya 12,3 düym olan displeylərlə təklif edilir, proyeksiya ekranı opsional avadanlığa daxildir. Opsiyalar arasında dairəvi görüntü kameraları, on iki dinamikli Bose səs sistemi, panoram dam və daha çox avadanlıq var.
Flaqmanın arxa hissəsi də özünəməxsusdur. İkinci sırada ya üçyerli divan, ya da mərkəzində böyük dirsəkaltı-qutu olan ayrıca kapitan kresloları quraşdırıla bilər. Üçüncü sıra baza təchizatına daxildir və o da iki versiyada təklif olunur - iki və ya üç sərnişin üçün.
Bir sözlə, Mazda CX-90 modeli ən tutumlu versiyada bu sinifdə nadir olan səkkiz yerlik interyeri ilə öyünə bilər. CX-60 modelində olduğu kimi, CX-90 krossoverində də çox yüksək keyfiyyətli tərtibat materiallarından istifadə vəd edilir. Top versiyada nappa dərisi, ağac dekor və yapon Kumihimo texnikası ilə hazırlanmış qeyri-adi tikişlərdən istifadə olunur.
Mazda CX-90 modeli Amerika bazarı üçün nəzərdə tutulduğuna görə, onun mühərrik çeşidinə 2,5-litrlik atmosfer mühərriki və ya turbodizellər daxil edilməyib. Seçmək üçün iki modifikasiya təklif olunur. Birinci versiya 3,3-litrlik e-Skyactiv G sıralı benzin “turboaltılığı” ilə hərəkərə gəlir.
Güc aqreqatı Mazda CX-60 krossoverində 284 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edirsə, CX-90 modeli üçün onun hasilatını 345 at qüvvəsi və 500 Nm fırlanm anına qədər artırıblar - bu, indiyə qədər Mazda yol avtomobillərində istifadə edilmiş ən güclü mühərrikdir.
Transmissiya – hidrotransformatorun əvəzinə “yaş” mufta və təvəzökar elektrik mühərriki quraşdılrılmış səkkiz pilləli avtomatik transmissiyadır. Sırf elektrik dartması ilə hərəkət etmək mümkün deyil, ona görə də yaponlar bu versiyanı “yumşaq” hibrid adlandırırlar.
İkinci versiya, elektrik rejimində hərəkət etməyə imkan verən tamölçülü plagin hibriddir (baxmayaraq ki, boş yanacaq çəni ilə avtomobildən istifadə qadağandır). Tərkibinə dördsilindrli 2,5-litrlik atmosfer mühərriki və elektromotor daxil olan hibrid güc qurğusu ümumilikdə 327 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edir və səkkiz pilləli “avtomat” ilə tandemdə çalışır.
17,8 kilovat/saatlıq litium-ion dartma batareyası terminaldan doldurula bilər. Üstəlik, yalnız belə hibridin baqaj bölməsində 1500 vattlıq məişət elektrik çıxışı var. Mazda CX-90 modelinin hər iki versiya da ön oxun qoşulması muftası olan i-Activ tam ötürmə sistemi ilə təchiz edilir.
Şassi baxımından CX-60 və CX-90 modelləri eynidirlər: öndə ikiqollu, arxada isə çoxqollu asqı. Ancaq modelin arsenalda adaptiv amortizatorlar və ya pnevmatik balonlar yoxdur - yalnız passiv yaylı asqı təklif olunur.
İlk dəfə Mazda MX-5 rodsterində debüt etmiş KPC (Kinematic Posture Control) elektron sistemi də CX-90 modelinin təchizatına daxildir. O, daxili arxa təkəri əyləyərək döngələrdə yana əyilmələri azaltmağa imkan verir. Baza təchizatına i-Activsense elektron köməkçiləri dəsti də daxildir.
Mazda CX-90 krossoverləri Yaponiyada istehsal olunacaq, lakin krossoverin yalnız Şimali Amerikada satılması planlaşdırılır. Burada satışların başlanmasına təxminən ilin ortalarında start veriləcəkdir. Dünyanın digər bölgələri üçün isə, Mazda bir az qədər yığcam və təvazökar CX-80 modelini hazırlayır. Xatırladaq ki, Mazda CX-80 krossoveri də üç oturacaq sırasına malik olacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.